AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin bir qrup əməkdaşı sentyabrın 29-dan oktyabrın 8-dək Cənub-Şərqi Şirvan düzü və Kür çayının mənsəb ətrafı ərazilərində elmi ekspedisiyada olublar.
Aqrar üzrə fəlsəfə doktorları Qəşəm Yaqubov və Tahirə Salmanova, eləcə də elmi işçi Rauf Hüseynov şöbə müdiri, aqrar üzrə fəlsəfə doktoru İsmayıl Quliyevin rəhbərlik etdiyi ekspedisiyanın üzvlərini təşkil ediblər. Əsas məqsəd son yarım əsrdə planetar miqyasda baş verən istiləşmə fonunda Respublikanın ən ekstremal coğrafi ərazisində torpaqda gedən dəyişiklikləri qiymətləndirmək, torpaq üzərində aparılmış çoxillik monitorinqin nəticələrini və gələcək torpaq tədqiqatları üçün elmi istiqaməti müəyyənləşdirmək olub. Ərazidən bitki və torpaq nümunələri götürülüb, seçilmiş nümunə və müşahidə meydançaları, eləcə də marşrutlar GPS naviqator vasitəsilə dəqiqləşdirilib. Tədqiqatçılar torpaqların antropogen deqradasiya tipi olaraq bitki deqradasiyası, təkrar şorlaşma, bataqlaşma, külək eroziyası, texnogen deqradasiya, təbii olaraq şorlaşma, yuyulma, qumların geniş hərəkətini müşahidə ediblər. Onlar sahələrin qoyun sürüləri ilə normadan çox yüklənməsi və otarma normalarının pozulması, əkin sahələrinin intensiv becərilməsi, ərazidə suvarma normalarına əməl olunmaması, kollektorların təsiri, seliteb landşaftın genişlənməsi, sənaye və sosial infrastrukturun təsirinin bu tip deqradasiyaya səbəb olduğunu qeyd ediblər.
İlkin olaraq alınan nəticələr götürülmüş torpaq nümunlərinin fiziki, kimyəvi və aqrokimyəvi analizi aparıldıqdan sonra mütəxəssislər tərəfindən dəqiqləşdiriləcək, əməli təklif və tövsiyələr hazırlanacaqdır.