AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, c.ü.f.d. dosent M.C.İsmayılov Nazirlər Kabinetində Əlicançay su anbarının tikintisi və onun su ehtiyatlarının düzgün idarə olunmasına həsr olunmuş iclasda iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün tədbirlər planı” haqqında sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədi ilə keçirilən tədbir İqtisadi İnkişaf və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təşəbbüsü və müvafiq təşkilat nümayəndələrinin birgə iştirakı ilə baş tutub.
Müzakirə edilən məsələlərə münasibətini bildirən dosent M.İsmayılov diqqəti yaradılacaq su anbarının Kür çayının qidalanmasında problem yaratmamasına yönəldib. O qeyd edib ki, əgər Kürə tökülən əsas çayların üzərində su anbarları tikiləcəksə, bu, son nəticədə Kürün su ehtiyatlarının azalmasına gətirib çıxaracaq. Buna görə də yeni yaradılan su anbarlarında çayın su sərfinin ekoloji potensialı mütləq nəzərə alınmalıdır. Alim eyni zamanda, ekosistemlərimiz üçün xarakterik olan, az su tələb edən yerli mədəni bitki növlərinə üstünlük verilməsini də əsaslandırmışdır.
Sonda təkliflər nəzərə alınmaqla, fərman və sərəncamlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün mütəmadi olaraq müzakirələrin keçirilməsinin zəruriliyi qərara alınıb.