AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov Azərbaycan Televiziyasının “Əsas məsələ” verilişinin qonağı olub.
“İşğal olunmuş ərazilərdə ətraf mühitə ekoloji təhdid” mövzusuna həsr edilmiş verilişdə coğrafiyaçı alim işğalçı Ermənistan tərəfindən Azərbaycanın təbii sərvətlərinin mənimsənilməsi, acgözlüklə istismarı, 1976-cı ildə inşa edilmiş və istifadə müddəti bitmiş Metsamor atom elektrik stansiyasının yaratdığı təhlükə və ətraf mühitə vurduğu ziyan, havanın və suyun çirkləndirilməsi, ağacların kəsilməsi, yaşıllıqların yandırılması kimi məsələlərə münasibət bildirib.
Təbiətdə hər şeyin bir-biri ilə vəhdət təşkil etdiyini bildirən M.İsmayılov təbii sərvətlərdən qeyri-düzgün, vəhşicəsinə istifadənin ağır nəticələr verəcəyini diqqətə çatdırıb. O vurğulayıb ki, müxtəlif proqramların, kocmik şəkillərin köməyi ilə ərazi tədqiq edilərkən meşələrin seyrəlməsi, Araza tökülən çayların azalması müşahidə edilib. Kür çayında suyun azalmasının səbəblərindən biri də Araz çayında gedən proseslər, çaya olan kobud müdaxilələrdir. Bitki örtüyünün dəyişməsi nəticədə bulaqların, yeraltı suların qurumasına gətirib çıxarır. Minə yaxın yaşı olan, çox qiymətli ağacların qırılması meşələrin seyrəlməsi, tərkibinin dəyişməsi ilə nəticələnir. Qızıl ehtiyatlarımız ardı-arası kəsilmədən çıxarılaraq daşınır. Bütün bunlar ermənilərin nə vaxtsa bu əraziləri tərk etməyə məcbur olacaqlarını bildiklərindən xəbər verir.
Alim sözügedən problemlərin uyğun beynəlxalq təşkilatlar qarşısında tez-tez qaldırılmalı olan məsələlər olduğunu xüsusi qeyd edib.