Elm və biznes işçilərini bir araya gətirən Azərbaycan Milli Təşəbbüs Qrupunun (NIG Azərbaycan) regional dialoqun və əməkdaşlığın inkişafı və planlaşdırılması ilə bağlı ikinci onlayn görüşü keçirilib.
Görüşün əsas məqsədi dağlıq bölgələrin dayanıqlı inkişafı üçün mövcud problemlərin aradan qaldırılması, o cümlədən təbii fəlakətlərin effektiv idarə olunması və iqlim dəyişikliyinə uyğunlaşma üçün akademik sektor və praktiklər arasında işbirliyini gücləndirmək məqsədilə əməkdaşlıq mexanizmləri və birgə sistematik tədbirlər barədə razılığa gəlmək olub.
İlk iclasda moderator Fuad Bağırov, NIG Azərbaycanın həmsədrləri Ramiz Məmmədov (AMEA Coğrafiya İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü) və Şamil Hüseynov (Ətraf mühit qanunvericiliyi üzrə ekspert) Azərbaycan Milli Təşəbbüs Qrupu yarandıqdan sonra təbliğat və əməkdaşlıq baxımından görülən əsas işləri və fəaliyyətləri təqdim edib.
İclas üç mərhələdə keçirilib. NIG Azərbaycanın ilk iclasından bəri əldə olunan irəliləyişləri nəzərdən keçirdikdən sonra ikinci mərhələ "Qafqaz dağlıq bölgəsində sığorta tariflərinin hesablanması üçün təbii risklərin qiymətləndirilməsi" sənədinin müzakirəsinə həsr olunub və “Qala Sığorta” ASC-nin məsul əməkdaşı Ülkər Əhmədzadə “Təbii təhlükələr və risklər” mövzusunda məruzə ilə çıxış edib.
Qeyd edilib ki, Azərbaycanda təbii risklərin toplanması sistemi yoxdur. Hökumət fövqəladə vəziyyət baş verəndən sonra sadəcə təbii fəlakətlərə reaksiya verir. Buna görə də ölkənin sığorta şirkətlərinin iştirakı ilə belə bir sistemin inkişafında dövlət dəstəyinin təmin edilməsi tövsiyə olunub.
Üçüncü mərhələdə "Qafqaz dağlarında şabalıd ağacının itirilmə təhlükəsi" sənədinin müzakirəsi aparılıb. Coğrafiya İnstitutunun əməkdaşı, aqroiqlimşünas, c.ü.fəlsəfə doktoru Məhərrəm Həsənov “Çox qiymətli bitki - şabalıd” mövzusunda təqdimatla çıxış edib. O, «Şabalıdın nəsli kəsilməyə həssas olan bitkilər» kateqoriyasına aid olmasını xüsusilə vurğulayıb.
Təqdimat iştirakçıların böyük marağına səbəb olub. Çünki bir tərəfdən bu məhsul etnik kimliyində simvolik məna daşımış, qədim dövrlərdən yerli əhali şabalıddan müxtəlif qida məhsulları hazırlamış, onun oduncağından mebel istehsalında, tikintidə, bəzək əşyaları hazırlamaqda istifadə edilmişdir. Digər tərəfdən, şabalıd ətraf mühitin dəyişməsinə olduqca həssasdır, buna görə o, iqlim dəyişikliyinin göstəricisi kimi qəbul edilə bilər. Şabalıd xəstəliklərinin regional səviyyədə nəzərə alınması da tövsiyə edilib.
Yekun sessiyada Milli Təşəbbüs Qrupunun üzvləri, alimlər və praktiklər, habelə dövlət qurumları arasında əməkdaşlığın və dialoqun artırılması üçün təkliflər verilib. Əməkdaşlıq və təbliğat işlərini gücləndirmək üçün təşəbbüs qrupu üzvləri tərəfindən irəli sürülən müxtəlif təkliflərlə əlaqəli məsələlər müzakirə edilib.
Görüş İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SDC) maliyyələşdirdiyi “Cənubi Qafqazda İqlimə Uyğunlaşma Qabiliyyətlərinin Gücləndirilməsi” (SCAC) layihəsi çərçivəsində keçirilib.