Dünyanı cənginə almış Covid 19 koronovirusunun yayılması nəticəsində Respublikada elan edilmiş karantin dövründə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Ekocoğrafiya şöbəsinin müdiri, dosent Ənvər Əliyev hazırda qaldığı ərazidə fürsətdən istifadə edərək təsərrüfatlardakı mövcud hallara dair bəzi müşahidələr aparmış, eləcə də Respublikadakı bəzi ekoloji problemlər barədə fikirlərini bildirmişdir.
Tədqiqatçı məlum vəziyyətə nikbin yanaşaraq, yaranmış durumda pozitiv ştrixlər axtarmış, mənfi-müsbət cəhətləri müqayisəli təhlil etmiş, müəyyən nəticələrə gəlmişdir. Onun bildirdiyinə görə, karantin şəraiti ilə əlaqədar Respublikada bəzi təsərrüfat sahələrində, xüsusilə sənayedə xeyli problemlərin yaranması ilə yanaşı, əksər istehsal sahələrinin dayandırılması ekoloji baxımdan ətraf mühitə öz müsbət təsirini göstərmişdir. Stasionar (fabrik, zavod və s.) və qeyri stasionar (nəqliyyat vasitələri) mənbələrdən olan tullantıların kəskin azalması nəticəsində atmosferə atılan zəhərli maddələrin miqdarı hiss olunacaq dərəcədə azalmışdır.
Azərbaycanda adi qaydada avtomobillər tərəfindən bir il ərzində 1 milyon 279 min tona qədər benzil istehlak olunurdu. Təsəvvür etsək ki, indiki halda şəhər, rayon avtomobillərinin hətta 50 % işləməsə belə, artıq atmosferə atılan tonlarla karbon və azot oksidləri, aldehitlər, hiss, qurum və s. kimi zəhərli maddələrin miqdarı yarıbayarı azalmış olar və atmosferdə təmzilik getmiş olar. Bundan əlavə, ölkədə ağır yük maşımları il ərzində 827 min ton dizel yanacğından istifadə edirdilər ki, bunlarda benzindən fərqli olaraq hiss və qurumun miqdarı daha artıqdır. Sərhədlərin müvəqqəti bağlanması nəticəsində xariclə işləyən və ağır yük daşıyan əksər maşınların fəaliyyətinin dayandırılması atmosferin təmizlənməsində öz müsbət rolunu oynayır.
Buradan belə nəticyəyə gəlmək olur ki, iqtisadiyyatın zəifləməsi nəticəsində atmosferə atılan zəhərli maddələrin miqdarı azalmış, havanın nisbətən təmizlənməsi insan sağlamlığına müsbət təsirini göstərmiş, orqanizmdə immunitetin güclənməsinə səbəb olmuşdur. Əlbəttə, məsələyə bu prizmadan yanaşmaq o qədər də düzgün deyil, belə ki, nəqliyyatsız iqtisadiyyatı təsəvvür etmək qeyri-mümkündür.
Karantin elan olunmasından öncə, yaz tarla işlərinin qızğın vaxtında Şirvan düzünün dağlıq şimal hissəsində - Göyçay, Ağsu, Kürdəmirin bəzi təsərrüfat sahələrində olmuş tədqiqatçı burada gedən yaz-tarla işlərinin gedişi ilə maraqlanmışdır. O bildirmişdir ki, əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatında problemlərin olmaması üçün işlər dayandırılmadan, Naizrlər Kabinetinin məlum qərarına uyğun olaraq qoyulmuş tələblər çərçivəsində təşkil edilmiş, əməkçilər xüsusi geyimlərdə, maska və əlcəklərdə işlərini davam etdirirlər. İcra hakimiyyətinin nümayəndələri yerlərdə işlərin gedişinə nəzarət edirlər. Təsərrüfat işlərinə qatılmış bütün işçilərə Nazirlər Kabinetinin müvafiq qərarları ilə xüsusi icazə vərəqələri paylanmışdır.
Ə.Əliyevin müşahidələrinə görə, adı çəkilən rayonların kənd təsərrüfat sahələrində heç bir geriləmə gözlənilmir və əhalinin ərzaq təminatında böyük problemlərin olmasını düşünməyə ciddi səbəb yoxdur.