Coğrafiya İnstitutu karantin dövründə fəaliyyətini davam etdirir 2020-04-14 23:55:00 / MÜHÜM HADİSƏLƏR

Yeni növ Covid 19 koronovirusunun pandemiya şəklini alması ilə əlaqədar, eləcə də AMEA prezidenti akademik Ramiz Mehdiyevin  tapşırığı və AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru akademik Ramiz Məmmədovun göstərişi ilə İnstitut əməkdaşları elmi fəaliyyətlərini evdə qalmaqla  davam etdirirlər. Alim və mütəxəssislər  karantin şəraitinə uyğun olaraq, əlaqədar müəssisə və təşkilatlarla distant şəkildə əlaqə saxlayaraq, imkan daxilində, lazımi məlumatları əldə edərək araşdırmalar aparlar, tədqiqatlar üzərində işləyirlər.

Belə ki, İnstitutun əməkdaşları - Lanşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov  su çatışmazlığı şəraitində Azərbaycanda “Təmiz əllər” kampaniyasının uğurla keçirilməsi yolundakı çətinliklər, Ekocoğrafiya şöbəsinin müdiri, aqrar üzrə fəlsəfə doktoru Ənvər Əliyev Pandemiya ilə əlaqədar elan edilmiş karantin şəraitində ölkədə ekoloji vəziyyətin durumu,  Tibbi coğrafiya şöbəsinin elmi işçisi Solmaz Rzayeva  Covid 19 koronovirusunun Azərbaycan ərazisində yayılmasının fəsadları, Geoinformatika və kartoqrafiya şöbəsinin böyük elmi işçisi Yaşar Nəsibli Coğrafi İnformasiya Sistemləri texnologiyasının müasir proqram təminatlarının istifadəsilə müasir rəqəmsal xəritə bazalarının hazırlanması sahəsində, eləcə də digərləri müasir zaman üçün aktual olan mövzularda tədqiqatlar aparır, distant elmi seminarlar üçün elektron məruzələr hazırlayırlar. Belə misalların sayını istənilən qədər artıtmaq mümkündür..

Karantin dövründə əməkdaşlar  həmçinin, kütləvi informasiya vasitələri ilə əlaqələri davam etdirir, onlara müraciət edən KİV nümayəndələrinə müsahibələr verir, günün tələblərinə cavab verən məqalələr çap etdirirlər. C.ü.f.d. Mirnuh İsmayılovun Sputnik Xəbərlər Agentliyinin saytında “Dama-dama göl olar – xəstəliyi yuyacağıq, boğazımız quruyacaq”, b.ü.f.d. Şahvələd Əliyevin “Azərtag”da “Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu” başlıqları altında  çap olunmuş  müsahibələri, g/m üzrə fəlsəfə doktoru Rəşid Fətəliyevin “Pandemiyanin statistikasi və qida rasionu..." , “Koronavirus və Nuhun tufani”, “Süleyman dayının ustad dərsi” kimi məqalələri Geoinformatika və kartoqrafiya şöbəsinin böyük elmi işçisi Yaşar Nəsiblinin İTV kanalında Azərbaycanın rəqəmsal xəritə bazasının yaradılması haqqındakı söhbəti  və s. buna misal ola bilər.

Coğrafiya İnstitutunun alimləri “Türk dünyasının coğrafiyası və etnosu”  üçcildliyi üzərindəki işlərini dayandırmadan əvvəlki qaydada davam etdirərək,  artıq sonuncu cildi tamamlamaq üzrədirlər. İşlənmiş məqalələr onlayn şəklində yoxlanılaraq redaktə edilir və çapa hazırlanır.

Məlumat üçün bildiririk ki, Coğrafiya İnstitutu Ümumdünya Səhiyyə Təşkilatının “Təmiz əllər” kampaniyasını elan etdiyi ilk günlərdən bu tədbirə qoşulmuşdur və coğrafiyaçılar estafeti bir-birlərinə ötürərək aksiyanı Feysbuk vasitəsi ilə bügünədək  davam etdirirlər.

AMEA rəhbərliyinin tapşırığına uyğun olaraq, mart ayının əvvəllərindən başlayaraq  Coğrafiya İnstitutunun gsaz.az saytı  AMEA-nın science.az  saytına istinad edərək,  ictimaiyyətin məlumatlandırılması üçün mühüm hesab olunan çap materiallarını mütəmadi olaraq öz səhifələrində  işıqlandırılır.

Əməkdaşlarımız eyni zamanda, üzərində çalışdıqları beynəlxalq layihələrdə də  işlərini davam etdirirlər.

İnstitutda üçü 1- ci, ikisi 2-ci kursda olmaqla, 3 ixtisas üzrə təhsil alan 5 magistrlə  aprelin əvvəlindən olaraq distant dərslərə başlanılıb.

İnstitutun karantin dövründəki fəaliyyəti Coğrafiya İnstitutunun gsaz.az veb saytı və Feysbuk sosial səhifəsi vasitəsilə əməkdaşlara çatdırılır və rəhbərlik tərəfindən nəzarət edilir.