AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Milli Elmlər Akademiyasının 75-illik yubileyinə həsr edilmiş elmi-praktiki seminar keçirilib.
İnstitutun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, AMEA-nın 75 illik yubileyinə hazırlıq üzrə Coğrafiya İnstitutunun tədbirlər planı hazırlanmışdır. Plana əsasən İnstitutun ictimai təşkilatlarının son 5 ildəki fəaliyyəti haqqında hesabatları, ən mühüm nəticələr əldə etmiş şöbələrin elmi-tədqiqat işlərinə həsr olunmuş elmi-praktik seminarların keçirilməsi və İnstitutun ACC ilə birgə buraxdığı “Coğrafiya və təbii resurslar” elmi-populyar jurnalının növbəti buraxılışını AMEA-nın 75 illik yubileyinə həsr etmək nəzərdə tutulub.
Direktor qeyd edib ki, ümumiyyətlə, İnstitutun son 5 ildəki fəaliyyətini çox uğurlu hesab etmək olar. Çünki bu hesabat dövründə Coğrafiya İnstitutu bir sıra uğurlu işlərə imza atıb. “Azərbaycan Respublikasının coğrafiyası” fundamental üçcildlik monoqrafiyası, “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyi və “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyinin 2 cildi çapdan çıxıb. İnstitut əməkdaşlarının əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş, alimlərimiz Azərbaycan Respublikasının Dövlət Mükafatına, İnstitut rəhbəri isə həm də Şöhrət Ordeninə layiq görülmüşdür. Görülən dəyərli işlərdən biri də Xəzər Elmi Şəbəkəsinin yaradılmasıdır ki, burada Xəzər dənizi üzrə yüksək ixtisaslı beynəlxalq mütəxəssislər bir araya gəlmiş, alimlərimiz tərəfindən dənizin kompleks tədqiqi üzrə proqram işlənib hazırlanmışdır. İqlim dəyişmələri, onların insana və ətraf mühitə təsiri, landşaft planlaşdırılması, dövlət əhəmiyyətli rəqəmsal xəritələrin hazırlanması və s. sahələrdə də coğrafiyaçılarımız böyük nailiyyətlər əldə etmişlər.
Akademik həmçinin İnstitutun kütləvi informasiya vasitələri ilə əlaqəsini də yüksək qiymətləndirib, alim və mütəxəssislərin mütəmadi olaraq KİV-lərdə, xüsusən müxtəlif televiziya kanallarında çıxışlarının, və institutda olan görüşlərinin, həyatın müxtəlif sahələrini əhatə edən coğrafi mövzularda onların sərbəst çıxış və müsahibələrinin artıq adət halını aldığını müsbət dəyərləndirib. R.Məmmədov daha bir ənənəyə çevrilmiş səyyar konfrans və görüşlərin keçirilməsi məsələsinə toxunaraq elmi toplantıların məhz Azərbaycanın müxtəlif bölgələrində baş tutmasını da müsbət hal kimi qeyd edib.
Sonra İnstitut Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev, Qadınlar Şurasının sədri Luiza Salayeva, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, c.ü.f.d. Samirə Ələkbərova rəhbəri olduqları təşkilatların son 5 ildəki fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış ediblər.
Sonda İnstitutun Mülki Müdafiə Qərargahının sədri Namazəli Mustafayev 1 Mart Beynəlxalq Mülki Müdafiə Günü münasibətilə uyğun videoçarx nümayiş etdirərək məruzə ilə çıxış edib. O, həmçinin, iştirakçılara fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı maarifləndirmə işlərinin aparılmasına dair məlumatlar verib.