Azərbaycanın ekoloji risklər xəritəsi tərtib olunub 2020-02-11 14:29:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov  təbii-texnogen təhlükələr əsasında  Azərbaycanın ekoloji risklər xəritəsini işləyib hazırlamışlar. Bu xəritə Azərbaycanın ilk dəfə çoxparametrli məlumatlar əsasında tərtib edilmiş  iri miqyaslı rəqəmsal ekoloji risklər xəritəsidir.

Azərbaycan ərazisində sel, sürüşmə, daşqın, demoqrafik və texnogen yüklənmə, səth və yeraltı suların çirklənməsi, Xəzər dənizinin səviyyə tərəddüdü, şoranlaşma, bataqlaşma, iqlimdəki risklər (quraqlıq, kəskin şaxta, isti, isti quru küləklər və s.),  səhralaşma  və zəlzələ kimi ekoloji risk yaradan mənbələr  müəyyən edilmişdir. Xəritənin təhlilindən məlum olur ki, respublika ərazisinin 37,2%-i çox zəif, 19,8%- i zəif, 23,9%-i orta, 12,4%-i  yüksək və 6,8%-i çox yüksək ekoloji riskli ərazilərdir.

Bu xəritə infrastruktur layihələrin həyata keçirilməsində, tikintidə, seliteb-şəhər planlaşdırılmasında,  siğorta işlərində vacib  mənbə rolunu oynaya bilər.

 

    Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2020