AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi seminarının növbəti iclasında Paleocoğrafiya şöbəsinin dissertantı Eldar Muradlı “Palinoloji və mineraloji məlumatlar əsasında iqlimin kəmiyyət və keyfiyyət göstəricilərinin təyini” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi apardığı tədqiqat işində informasiya-statistik üsulla paleoiqlimin kəmiyyət (orta illik, yanvar və iyul temperaturları, yağıntıların orta illik miqdarı) və keyfiyyət (isti, soyuq, rütubətli, quraq və s.) göstəricilərinin rekonstruksiyası və iqlim parametrlərinin dəyişməsinin dinamikasını təyin edib. Azərbaycanda litoloji (dağ süxurlarının maddi tərkibi) və paleobotanik məlumatlar əsasında iqlim dəyişmələrinin və təbii mühitin ümumi qanunauyğunluqlarını aşkar edib. Müxtəlif üsullarla paleoiqlimin təyin edilməsi zamanı müəyyən edilmişdir ki, ümumi qanunauyğunluqlar daha çox iyul ayında özünü göstərmişdir.