Coğrafiya İnstitutu Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Zabit Allahverdiyev qəflətən vəfat edib
Zabit Sabir oğlu Allahverdiyev 1959-cu il, dekabrın 1-də Bərdə rayonunun Mirzəcəfərli kəndində anadan olub. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib, 1987-1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Mexanika-Riyaziyyat İnstitutunun nəzdindəki Xüsusi Konstruktor Bürosunun «Riyazi modelləşdirmə» laboratoriyasında mühəndis aparıcı-konstruktor vəzifəsində, 1995-2001-ci illərdə isə Azərbaycan Dövlət Hidrometeorologiya Komitəsinin Elmi-Tədqiqat Hidrometeorologiya İnstitutunda laboratoriya müdiri və direktor müavini vəzifələrində çalışıb.
1999-2003-cü illərdə «Okeanologiya» ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasında təhsil alıb. 2004-cü ildə «Cənubi Xəzərdə külək və axınların statistik-spektral üsullarla tədqiqi» mövzusu üzrə dissertasiya müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsi, 2017-ci ildə isə dosent elmi adını almışdır. 5 elmi mövzunun, 40-dan artıq elmi məqalənin və dörd kitabın müəllifidir.
2002-2014-cü illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunda «Xəzər dənizinin hidrometeoroloji problemləri» laboratoriyasının müdiri vəzifəsində işləyib.
2014-cü ildən AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunda aparıcı elmi işçi, 2016-cı ildən “Xəzər dənizinin hidrometeorologiyası” şöbəsinin müdiri vəzifəsində çalışıb. İnstitutda magistrlərə “Xəzər dənizinin dalğa rejimi”, “Xəzər dənizinin müasir” problemləri” və “Su mübadiləsi və axınları” mövzularında dərs deyirdi. Çöl tədqiqat işlərində fəal iştirak edir, elmi seminarlarda məruzələrlə çıxış edirdi. Son dəfə noyabrın 13-də Elmi seminarda doktorluq dissertasiyasının bir qolu olan “Peyk məlumatlarına əsasən Xəzər dənizinin səth sularında temperaturun tədqiqi” mövzusunda geniş məruzə ilə çıxış etdi.
İnstitutda işlədiyi müddətdə Z.Allahverdiyev özünü işə can yandıran, məsuliyyətli tədqiqatçı-mütəxəssis, sözünün üstündə duran, yaxşı dost, gülərüz, zarafatcıl, hamıya hörmət və qayğı ilə yanaşan həmkar, qayğıkeş ailə başçısı kimi tanıtdı.
İnstitut kollektivi dekabrın 1-də onun 60 illik yubileyini qeyd edəcəkdi...
Zabit müəllimə Allahdan rəhmət, ailəsinə və onu sevənlərə səbir diləyirik!