Azərbaycanda Avrasiya Xalqları Assambleyası günləri çərçivəsində AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Xəzər-Avrasiya” Mərkəzinin (Rusiya) dəstəyi ilə “Xəzərin Avrasiya inteqrasiyasına töhfəsi: sülh, harmoniya və mehriban qonşuluq dənizi” mövzusunda Dəyirmi masa keçirilib.
Tədbirdə beynəlxalq hökumətlərarası və qeyri-hökumət təşkilatlarının, qeyri-kommersiya təşkilatlarının nümayəndələri, ekspertlər, elm və mədəniyyət xadimləri, jurnalistlər iştirak ediblər.
Avrasiya Xalqları Assambleyasının Avrasiyanın Perspektiv İnkişafı Şurasının sədri, Rusiya Xalqları Assambleyası Şurası sədrinin birinci müavini İqor Kruqovıx iştirakçıları salamlayaraq, bu günkü tədbirin məhz Coğrafiya İnstitutunda keçirilməsinin təsadüfi olmadığını və müzakirə ediləcək mövzunun İnstitut və onun rəhbəri, akademik Ramiz Məmmədovun uzun illər tədqiq etdiyi Xəzər dənizi ilə bağlı olduğunu vurğulayıb. O bildirib ki, Xəzərin hüquqi statusunu təyin edən Konvensiyanın qəbul etdiyi kommunikedə deyildiyi kimi Xəzər sülh, həmrəylik və mehriban qonşuluq dənizidir. Vətəndaş cəmiyyəti olaraq, təşkilatın əsas məqsədi bu istiqamətdə əməli işlərin həyata keçirilməsi üçün konkret tədbirlər planının, yol xəritəsinin işlənib hazırlanmasıdır.
Akademik Ramiz Məmmədov qonaqları salamlayaraq bu mötəbər tədbirin məhz Coğrafiya İnstitutunda keçirildiyindən məmnunluğunu bildirib. 50 ilə yaxın elmi fəaliyyətini Xəzərin tədqiqinə həsr etmiş akademik dənizin yaranması, tarixi, siyasi mövqeyi, müasir vəziyyəti və problemləri haqqında təqdimatla çıxış edib. O bildirib ki, sahilində 20 milyon insanın yaşadığı Xəzər dənizi regionunun ekoloji vəziyyəti olduqca gərgindir. Bəzi yerlərdə çirkləndiricilər normadan 10-20 dəfə artıqdır. Nərə balığı ehtiyatının tükənmə problemi yaranmışdır. Səviyyəsinin dəyişkənliyi nəticəsində 1989-1995-ci illərdə Azərbaycanda ekoloji vəziyyət pisləşmiş, evlər, torpaqlar suyun altında qalmış, ölkənin sahil zonasında “ekoloji qaçqınlar” yaranmış, ölkəyə dəyən ziyanın dəyəri 2 milyard ABŞ dolları olmuşdur.
Rusiya çarı I Pyotrun vaxtında Xəzərin nərə balığını simvolizə etdiyini, XX əsrdən isə onun yerini qılınc və qalxan tutduğunu deyən akademik diqqətə çatdırıb ki, əvvəllər dəniz iki dövlətin sərhədində yerləşirdisə, SSRİ dağılması nəticəsində onun ətrafında beş müstəqil dövlət yaranmışdır. Ona görə də bu ərazi geopolitik maraqların toqquşduğu bir regiondur. Və əgər Xəzərin taleyinin Aralın faciəsinə dönməsini istəmiriksə əl-ələ verib onu məhv olmaqdan qorumalıyıq. Çıxışının sonunda okeanoloq alim Avrasiya xalqları Assambleyasının birgə fəaliyyəti nəticəsində Xəzərin həqiqətən sülh, həmrəylik və mehriban qonşuluq dənizinə çevriləcəyinə ümidvar olduğunu söyləyib.
Xəzər mövzusunun Assambleyanın vacib istiqamətlərindən biri olduğunu vurğulayan Avrasiya Xalqları Assambleyası Baş Katibliyinin rəhbəri, Rusiya Xalqları Assambleyası Şurasının sədri, siyasi elmlər doktoru Svetlana Semyonova çıxışında qeyd edib ki, Xəzəryanı ölkələrin başçıları tərəfindən başlıca məsələ - Xəzərin hüquqi statusu məsələsi artıq öz həllini tapdığından, bu ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın yaranması və inkişafı eyni zamanda qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətlərinin üzərinə düşür. Gənclər forumu, ekoloji ekspedisiyaların keçirilməsi, turizmin inkişafı, nəqliyyat sferası, mədəniyyət və s. kimi bu sahələr üzrə səslənə biləcək müxtəlif təkliflər, onların həyata keçirilməsi üçün bağlanılacaq əməkdaşlıq sazişləri görülən zəruri tədbirlərdir.
Sonra Avrasiya Xalqları Assambleyası qeyri-hökumət təşkilatlarının Beynəlxalq təşkilatı ilə Azərbaycan Kazak Həmyerlilər Cəmiyyəti arasında əməkdaşlıq barədə Saziş bağlanılıb. Belə bir sazişin Coğrafiya İnstitutu ilə də bağlanılması haqqında təklif irəli sürülüb.
Dəyirmi masada Xəzər regionu xalqlarının Avrasiya inteqrasiyasındakı rolu və əhəmiyyəti, humanitar və mədəni qarşılıqlı əlaqələr, Xəzərdə inteqrasiya istiqamətlərini həyata keçirməyin yeni yolları və metodları kimi məsələlər müzakirə olunub, bu istiqamətdə müxtəlif təkliflər dinlənilib.
Həştərxan Dövlət Universitetinin nümayəndəsi, fəlsəfə elmləri doktoru Pavel Karabuşenko Xəzəryanı dövlətlərin təbiəti, ekologiyası, coğrafiyası, iqtisadiyyatı və tarixini əks etdirən dənizin xüsusiyyətləri ilə bağlı ensiklopediyalar kompleksi hazırlamaq üçün layihələr təqdim edib. İqtisadi lüğətin yaranmasını da vacib hesab edən natiq Xəzəryanı dövlətlərin nümayəndələrini layihəyə qoşulmağa çağırıb. Xəzər mövzusu ilə əlaqəli bütün elmi işləri vahid elmi məkanda birləşdirən Xəzər elmi ekspert mərkəzi və birləşmiş Xəzər elmi fondunun təsis edilməsi təklifi hamı tərəfindən bəyənilib.
HDU-nun digər nümayəndəsi, Rusiyanın Cənubu və Xəzərətrafı Problemlərin Tədqiqatı İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru Anna Romanova “Xəzər makroregionunun sosiotal təhlükəsizliyi” layihəsi ilə müxtəlif ölkələrin alimlərini birgə əməkdaşlığa dəvət edib. "Xəzər Bölgəsi: İqtisadiyyat, Siyasət, Mədəniyyət" jurnalının təqdimatı da iştirakçıların marağına səbəb olub.
Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin özünün bankını, fondlarını, nəşrini, təsis etməyə, müxtəlif səpkili tədbirlərin keçirilməsinə imkan verən Xəzəryanı ölkələrin parlamentlərarası assambleyasının yaradılması təklifini irəli sürüb.
Milli İdman Növləri Üzrə Komitənin həmsədri Nikolay Buxonin Azərbaycanın beynəlxalq tədbirlər keçirməkdə təcrübəsinə və potensialına arxalanaraq Bakıda Xəzəryanı ölkələrin milli idman növlərini tərənnüm edən beynəlxalq festival keçirilməsini təklif edib.
Azərbaycan xalqları forumu, humanitar fond, mədəni irs institutu, informasiya infrastrukturu, ekologiya, turizm, cənub-şimal nəqliyyat dəhlizi, milli idman növləri üzrə uyğun strukturların yaradılması haqda bir sıra təkliflər dinlənilərək müzakirə edilib.
Tədbir yekun sənədinin qəbulu ilə başa çatıb.