AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunda akademik Ramiz Məmmədovun sədrliyi ilə “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin iclası keçirilib. İclasın sədri gündəlikdə duran məsələlərlə iştirakçıları tanış edib.
Coğrafiya elmləri doktoru Vaqif Məmmədov “Abşeron göllərinin müasir ekoloji vəziyyətinin qiymətləndirilməsi”mövzusunda hazırladığı layihə haqqında məruzə edib. O bildirib ki, bu zamanadək Abşeron yarımadasında göllərin morfometrik parametrləri, fiziki, kimyəvi, bioloji göstəriciləri, xüsusilə də müasir ekoloji vəziyyəti və onların zamanla dəyişmə xüsusiyyətləri tədqiq edilməmiş, “Azərbaycan Respublikası Göllərinin Kadastrı” tərtib olunmamışdır. Ceyranbatan su anbarı və kanalları istisna olmaqla, Abşeronun müasir hidroqrafık şəbəkəsinin əsasını göllərin təşkil etdiyini vurğulayan məruzəçi, bu göllərdən üzun illər əhali tərəfindən bir sıra təsərrüfat və sosial-iqtisadi ehtiyatların ödənilməsi üçün istifadə olunduğunu diqqətə çatdırıb, Abşeron göllərinin hədsiz dərəcədə müxtəlif məişət, tikinti, sənaye zibilləri, yeraltı faydalı qazantılardan qalan tullantılarla çirkləndiyini vurğulayıb.
Tədqiqat işinin üç mərhələdə aparıldığını bildirən V.Məmmədov ilk dəfə olaraq Abşeron yarımadasındakı göllərin ərazi və yüksəklik üzrə qiymətləndirilməsini, kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyənləşdirilərək xəritələşdiriləcəyini və göllərin qorunması və idarə olunmasında əldə edilən məlumatların yardımçı rolunu oynayacağını qeyd edib.
Akademik R.Məmmədov göllərin ekoloji vəziyyətinin insanların yaşayışına, qarşılıqlı olaraq, insanların fəaliyyətinin isə göllərin ekoloji vəziyyətinə təsirini qeyd edərək göllərin xüsusi öyrənilməsinə ehtiyac duyulduğunu diqqətə çatdırıb. O bildirib ki, kosmik peyk şəkilləri, dronlar və bu kimi müasir texnologiyaların köməyi ilə xəritələşmə apararkən 250-dən artıq göllə zəngin Abşeron ərazisini kvadratlara ayırmaq və hər bir sahəyə düşən gölün mənşəyi, həcmi, yaranma mənbəyi, ekoloji vəziyyəti və s. görə ayrı-ayrılıqda təsnifatını vermək daha münasibdir. Bu isə həmin ərazilərdə tikinti, əkin və ya digər xeyirli iş görmək istəyən təşkilat sahibləri, iş adamlarına kömək etmiş olar.
Mövzu ətrafında gedən müzakirələr və təkliflərdən sonra qərara alınıb ki, Abşeron gölləri haqqında bütün məlumatlar toplanaraq əsaslı kitab işlənilsin və bunun üçün göllər sahəsində təcrübəli mütəxəssislərin – akademik Ramiz Məmmədov, coğrafiya üzrə elmlər doktoru Məhəmməd Abduyev, coğrafiya üzrə fəlsəfə doktorları Rövşən Abbasov, Rəşail İsmayılov və Mətanət Avazovanın iştirakı ilə proqram hazırlansın. Proqramı hazırlayarkən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Amin Məmmədovun yeni yaşayış komplekslərinin göllər ətrafında salınması haqqındakı təklifi nəzərə alınsın.
Texnika elmləri doktoru Fazil Əbilov çirkab suların təbiətə axıdılmasının qarşısı alınması məsələsini müzakirəyə çıxarıb. Müəllif Avropa təcrübəsinə əsaslanaraq şəxsi ev və ya xidməti obyekt tikərkən orada təmizləyici qurğuların quraşdırılmasının sahiblərdən tələb olunmasını təklif edib. Milli Məclisin nümayəndəsi Şamil Hüseynov əlavə edib ki, ictimaiyyət arasında bu vacib məsələ barəsində çox ciddi təbliğat yolu ilə maarifləndirmə işi aparılmalıdır, “Azərcu”ASC-nin pilot layihəsi vaxtında işlənmiş tədbir olardı. Müzakirədə iştirak edənlər meşə və yol kənarlarında fəaliyyət göstərən restoran və digər xidmət obyektlərinin axıtdıqları çirkab sularının qarşısını almaq istiqamətində təkliflər səsləndiriblər. Bildirilib ki, suların çirkləndirilməsi dağ rayonlarında özünü daha qabarıq büruzə verir və çaylara axıdılan suların çirkabdan təmizlənməsinə sərf olunan vəsait daha artıq olduğundan çaylara axıdılan çirkabın qarşısını almaq üçün vaxtında görülən tədbirlər daha məqsədəuyğundur.
Akademik Ramiz Məmmədov səslənən fikir və təklifləri ümumiləşdirərək qeyd edib ki, İctimai Birliyin qaldırdığı problemlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərcu”ASC və digər əlaqədar qurumları narahat edən məsələlərdir və İctimai Birlk suyun istehsalı, istehlakı və mühafizəsində olan problemlərin həllində onlara dəstək, köməkçi rolunu oynaya bilər. Birlik sədri bunun üçün təşkilat üzvlərinin uyğun layihələrdə fəal iştirakını vacib hesab edib.
Sonra təşkilat adından mətbuatda çıxışlar, başa çatmış loqo müsabiqəsinin nəticələri və s. kimi cari məsələlərə baxılıb. Qərara alınıb ki, 12 avqust - Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günü münasibətilə mətbuatda dərc olunmaq üçün məqalə hazırlansın və akademik Ramiz Məmmədov bu işi öz üzərinə götürüb.
Nazim Qurbanovun hazırladığı “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin loqosu elan edilmiş müsabiqənin qalibi seçilib və müəllif 200 manat həcmində pul mükafatına layiq görülüb.
İclasın sonunda akademik R.Məmmədov onu narahat edən Azərbaycanın su balansının hazırlanması məsələsinə toxunub və vaxtı çoxdan çatmış məsələ ilə məşğul olmağın vacibliyini bir daha qeyd edib.