İqlim dəyişmələrinin çay aximina təsiri müzakirə olunub 2019-05-15 14:34:00 / ELMİ İCLASLAR

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun   Elmi seminarının növbəti iclasında ETSN Milli Hidrometeorologiya Departamentinin əməkdaşı Sevinc Kazımova “Azərbaycanda iqlim dəyişmələrinin çay aximina təsiri” (Böyük Qafqazın timsalında) mövzusunda məruzə edib.

S.Kazımova Böyük Qafqaz çaylarının əsas hidrometeoroloji göstəricilərini, temperatur və yağıntıların paylanmasında baş verən dəyişikikləri  araşdırmış, ərazi çaylarının illik su sərflərinin statistik parametrlərini müəyyənləşdirmişdir.

Əsas iqlim göstəriciləri olan  yağıntı və temperaturları təhlil edən tədqiqatçı respublikanın bütün ərazisində  son illərdə illik temperaturların +0,3 C-dən +1,7 C-ə qədər artmasını müşahidə etmişdir. O bildirib ki, yüksək dağlıq ərazilərdə temperaturların artma qradiyenti daha çoxdur. Yağıntılara gəlincə, çoxillik normaya nisbətən (462 mm) ən çox yağıntı artımı 2016-cı ildə müşahidə edilmişdir ki, fərq 124 mm təşkil edir.

İllik axım modulunun bütün region üzrə hündürlükdən asılı olaraq artması baş verir. Respublikanın Böyük Qafqaz  üzrə əksər gursulu və daşqın rejimli çaylarında  maksimal illik su sərfi azalmaqla qış minimal axımları artır.

Məruzəçi qeyd edib ki, yerli əhəmiyyətli su anbarlarının sayını artırmaq, relyefdən asılı olaraq damcı suvarmanı həyata keçirmək, sudan optimal istifadə etmək məqsədəuyğundur.