AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi Şurası ilə Elmi seminarının növbəti iclası olub.
Azərbaycanın siyasi və iqtisadi coğrafiyası şöbəsinin rəhbəri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev “Azərbaycanda bitkiçiliyin dayanıqlı və perspektiv inkişafının iqtisadi coğrafi tədqiqi” mövzusunda məruzə edib.
Məruzəçi qeyd edib ki, əkinçiliyin intensiv inkişafına şərait yaradan maddi-texniki baza getdikcə inkişaf etdirilir. Mineral gübrələrlə təminat, ziyanvericilərə qarşı mübarizə, ixtisaslı kadrlarla təmin olunma sahəsində dövlət səviyyəsində böyük işlər görülür. Kəndli-fermer və ailə təsərrüfatlarına aqrolizinq yolu ilə yeni texnika, avadanlıq, kimyəvi vasitələr alınır. Lakin əkin sahələrinin şirin su ilə təminatında bəzi problemlər qalır. Müəyyən edilmişdir ki, respublikanın suvarılan torpaqlarının 600 min ha-dan çoxu şoranlaşmışdır. Ən çox şorlaşmaya məruz qalan torpaqlar Aran iqtisadi-coğrafi rayonundadır. Məhsuldarlığı xeyli aşağı salan şorlaşmaya qarşı vaxtında tədbirlər görülmədikdə onun sahəsi genişlənərək daha böyük ərazidə torpaq və həm də bitki örtüyünün deqradasiyasına gətirib çıxarır.
Tədqiqatçı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafına imkan verən təbii-iqlim və torpaq ehtiyatlarından səmərəli istifadə edilmir, onun sahə və ərazi strukturunun təkmilləşdirilməsinə ciddi ehtiyac duyulur.
Bitkiçilik məhsulları istehsalının azalması əhalinin daxili tələbatının ödənilməsində ciddi problemlər yaratmışdır. Belə ki, ölkə əhalisinin il ərzində - 1,3 faiz artımı bitkiçilik məhsullarına olan tələbatı ilbəil artırır. Əksər kənd təsərrüfatı məhsullarının idxalı ciddi artdığı halda, ənənəvi ixrac məhsullarının çəkisi kəskin şəkildə azalıb. Ümumilikdə, son on ildə bitkiçilikdə əsas qida məhsulları olan taxılın qiyməti 2 dəfə, meyvə-tərəvəzin və kartofun satış qiyməti isə demək olar ki, 4 dəfə artmışdır.
İşlər düzgün təşkil edilmədiyindən hazırda istehsal olunan kənd təsərrüfatı malları tarlada qalır və böyük həcmdə itki olur. Yayda taxıl və digər zəruri ərzaq məhsulları vaxtında yığılmır.
Əkinçiliyin taxılçılıq, pambıqçılıq, tütünçülük, tərəvəzçilik, çayçılıq, meyvəçilik prioritet istiqamətlər kimi inkişaf etdirilir. Azərbaycan hökuməti tərəfindən kənd təsərrüfatına edilən güzəştlər və ayrılan maliyyə resursları dövlət tərəfindən göstərilən mühüm vasitələrdir. Bitkiçiliyin ölkə və regionlar üzrə inkişaf dinamikası öyrənilməklə, ilk dəfə olaraq ixtisaslaşmış sahələrinin 1:200000 və 1:500000 miqyasda xəritələri tərtib edilmişdir.