H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Suraxanı rayonunun 232 saylı orta məktəbinin şagirdləri üçün “Müasir coğrafiya elminin təcrübi-metodiki əsasları” mövzusunda növbəti görüş-seminar keçirilib.
İnstitutun direktoru, akademik Ramiz Məmmədov tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, artıq bir ənənə halını almış İnstitut əməkdaşlarının 232 saylı məktəbin kollektivi ilə mütəmadi görüşləri təqdirəlayiq bir haldır. Coğrafiyaçı alimlərin 2018-ci ilin noyabrında Suraxanı məktəbində “Kiçik akademiya” şagirdlərinin iştirakı ilə coğrafiya aylığı çərçivəsində keçirilən “Azərbaycan - Odlar diyarı” mövzusundakı tədbiri, həmin məktəbin şagirdləri ilə 2017-ci ilin mart ayında “Günəş enerjisindən istifadə” mövzusunda keçirilən görüş-seminarı, eləcə də İnstitut əməkdaşı, həmin məktəbin məzunu, c.ü.f.d. Etibar Bədəlovun tez-tez məktəbdə olaraq, müxtəlif tədbirlərdə iştirakını xatırladaraq, belə tədbirlərin gənclərdə elmə, xüsusən coğrafiya elminə olan marağın artmasına xidmət etdiyini, gələcəkdə onların peşə seçimində müsbət rol oynaya biləcəyini diqqətə çatdırıb.
R.Məmmədov həmçinin coğrafiyanın müxtəlif istiqamətlərində İnstitutda aparılan elmi işlərdən, çöl tədqiqatlarından, yeni əhəmiyyətli nəşrlərdən, coğrafi problemlərdən və s. söhbət açıb.
Coğrafi fikir tarixi şöbəsinin rəhbəri, c.ü.f.d. Habil Haqverdiyev coğrafiya elminin inkişafında böyük rol oynayan görkəmli alimlər, İnstitutun son illərdə qazandığı nailiyyətlər, Azərbaycan Coğrafiya Cəmiyyətinin 80 illik yubileyinə hazırlıq və s. haqqında şagirdlərə məlumat verib.
İnsan coğrafiyası istiqamətinin rəhbəri, c.ü.e.d. Zakir Eminov bölümə daxil olan Siyasi və iqtisadi coğrafiya, Demoqrafiya və əhali coğrafiyası, Turizm və Tibbi coğrafiya şöbələrinin fəaliyyəti, Azərbaycanın iqtisadi rayonları, coğrafiya tədris materialları haqqında danışıb, məktəbin coğrafiya müəllimlərinin tədris kitablarına olan fikir və iradlarını dinləyərək suallarını cavablandırıb.
Qurunun hidrologiyası şöbəsinin rəhbəri, c.ü.e.d. Rəna Bəyim Qaşqay məktəblilərin Coğrafiya İnstitutu ilə əlaqələrini yüksək qiymətləndirib, şagirdlərə öz tövsiyələrini verərək vətəni yaxşı tanımaq və sevmək, onun coğrafiyasını öyrənmək, eləcə də maraq dairəsini genişləndirmək məqsədilə gənclərin ölkənin müxtəlif guşələrinə səfərlərinin əhəmiyyətini diqqətə çatdırılıb.
Gənc Alim və Mütəxəssislər Şurasının sədri, c.ü.f.d. Samirə Ələkbərova öz növbəsində Şuranın fəaliyyəti, nailiyyətləri və perspektivlərinə dair fikirlərini şagirdlərlə bölüşüb.
Coğrafiya üzrə fəlsəfə doktorları Elina Kərimova və Etibar Bədəlov “Azərbaycanın palçıq vulkanları” mövzusunda təqdimatla çıxış ediblər, iştirakçıları maraqlandıran suallara cavablar veriblər.
Məktəbli coğrafiyaçılar da palçıq vulkanları barəsindəki fikirlərini bölüşüblər.