AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Elm Günü münasibəti ilə Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. Tədbirdə Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və eləcə də BDU coğrafiya fakültəsinin tələbələri iştirak edib.
Akademik F.Qədirov elm bayramı münasibəti ilə İnstitut kollektivini və bütün coğrafiyaçıları təbrik edib, İnstitutun fəaliyyətini və əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib, gələcəkdə də elmin inkişafı yolunda kollektivə böyük uğurlar arzulayıb. O, Elm Gününün dünyanın bir çox ölkələrində qeyd edildiyini vurğulayıb, diqqətə çatdırıb ki, bu gün Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli sərəncamı ilə təsis olunub. Bildirib ki, ölkəmizdə bu bayramın ilk dəfə olaraq qeyd edilməsi əlamətdar bir hadisədir, bu gün həm də AMEA-nın təsis olunduğu günə təsadüf edir.
Elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov “Azərbaycanda coğrafiya elminin bugünkü vəziyyəti, gələcək perspektivləri və prioritet istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, coğrafiya elminə xidmətin əsası AMEA-nın Coğrafiya İnstitutunda qoyulub və coğrafiya elminin bütün sahələrinin formalaşması buradan başlayır. Coğrafiyanın elə spesifik cəhətləri vardır ki, bunlar məhz coğrafiya, yer elmləri üçün prioritet sahələrdir. Mütəxəssislərin səylərini Azərbaycanda coğrafiya elminin gələcək inkişafına, respublika ərazisinin müasir informasiya texnologiyaları vasitələri, ayrokosmik şəkillər, pilotsuz uçan aparatlar və digər vasitələrdən istifadə etməklə daha dəqiq tədqiqinə, müasir elmin və ölkənin inkişafına töhfə verə biləcək bir sıra problemlərin həllinə yönəltmək nəzərdə tutulub. Dağlıq ərazilərdə təbii antropogen hadisələrin təsiri altında təbii komplekslərdə baş verən geodinamiki hadisələrin inkişaf qanunauyğunluqlarının tədqiqini genişləndirməklə ekoloji coğrafi monitorinq sisteminin yaradılmasına nail olmaqla, coğrafiyanın gələcək perspektivlərinin əsasını qoymaq mümkündür. Məruzəçi məruzəsində diqqəti yaxın gələcəkdə landşaft planlaşdırılmasının elmi-nəzəri və təcrübi əsaslarının işlənilməsinə, bu barədə icra orqanlarına təkliflərin hazırlanmasına yönəldib, güclü antropogen təzyiq altında inkişaf edən dağ və düzənlik landşaftlarında biomüxtəlifliyin öyrənilməsi və onların optimallaşdırılmasının prinsipial əsaslarının yaradılması, səhralaşma probleminin tədqiqinin yeni elmi-məlumat informasiyalar sistemində tədqiqinin təşkilinə xüsusi yer ayırıb.
Bildirilib ki, qlobal və regional iqlim dəyişkənliyinin, antropogen amillərin ətraf mühitə təsirinin müxtəlif variasiyalı modellərinin yaradılması, ölkənin aqroiqlim ehtiyatlarının yenidən qiymətləndirilməsi, fermer təsərrüfatlarının tələbatına cavab verə biləcək yeni aqroiqlim rayonlaşdırılmasının aparılması, gözlənilən iqlim dəyişmələri ilə bağlı suvarma və dəmyə əkinçiliyinin iqlim sərhədlərinin dəqiqləşdirilməsi, respublikanın meşə örtüyündə baş verə biləcək dəyişikliklərin sərhədlərinin müəyyənləşdirilməsi, iqlim dəyişmələrinin insan səhhətinə təsiri istiqamətində tədqiqatların genişləndirilməsi, müxtəlif xəstəliklərin yayılmasının iqlim və hava amillərinin müəyyən edilməsi, Azərbaycanın su ehtiyatlarının yenidən qiymətləndirilməsi, çayların sülb axımı, ekoloji axım səviyyəsi kimi məsələlərin tədqiqi Coğrafiya İnstitutunun prioritet istiqamətlərindəndir.
Geotektonik cəhətdən fəal dağlıq ərazini əhatə edən ölkəmizdə relyefin endo- və ekzodinamik proseslərdən asılı olan inkişaf dinamikası yenidən tədqiq edilməli, təbii-dağıdıcı proseslərin - sellərin, sürüşmələrin, uçqunların və s. ətraf mühitə artan təsiri öyrənilməli və ekogeomorfoloji proqnoz xəritələri tərtib olunmalıdır. Müasir CİS tələbatına müvafiq olaraq ölkənin müxtəlif məzmunlu atlas və coğrafi xəritələrin elektron variantları işlənilməlidir.
Azərbaycan Prezidenti tərəfindən qəbul olunmuş Regional İnkişaf Proqramı müddəalarına uyğun olaraq ayrı-ayrı bölgələrin sosial-iqtisadi inkişafının, demoqrafik proseslərin elektron bazasının yaradılmasının, əmək ehtiyatlarından, turizm-rekreasiya və yerli təbii ehtiyatlardan səmərəli istifadənin coğrafi problemlərini tədqiq etməklə səlahiyyətli orqanlara elmi-təcrübi təkliflər hazırlanmalıdır.
Ölkəmizin siyasi-iqtisadi həyatında Xəzər dənizinin mühüm əhəmiyyətini nəzərə alaraq kompleks tədqiqatları davam etdirmək, o cümlədən də dənizin səviyyə tərəddüdünün inkişaf proqnozunun modelini hazırlamaq, sahildə və dənizdə baş verən ekoloji dəyişiklikləri tədqiq etməklə onların Xəzər dənizinə və sahil zonasına təsirinin proqnoz risk xəritəsinin hazırlanması nəzərdə tutulmuşdur. Xəzər dənizinin təbii ehtiyatlarından istifadənin və onun ölkənin iqtisadi-sosial inkişafına təsirinin elmi-təcrübi nəticələri yenidən qiymətləndirilməlidir.
Direktor müavini şöbə müdirlərinə müraciət edərək şöbənin görmək istədiyi perspektiv istiqamətlər haqqında fikirlərini bildirməyi xahiş edib, bunun gələcək üçün İnstitutun prioritet istiqamətlərini müəyyənləşdirmək, elmi tədqiqat işlərini təyin etmək üçün əsas verəcəyini diqqətə çatdırıb.
Akademik F.Qədirov Coğrafiya İnstitutunun prioritet istiqamətlərinin Yer Elmləri Bölməsinin uyğun elmi tədqiqat institutları ilə birgə həyata keçirməyi məqsədəuyğun hesab edib, qeyd edib ki, elmdə rəqabət yaxşıdır, amma birgə iş daha çox fayda verə bilər. Bölmə rəhbəri diqqəti həmçinin elmi saytlardan daha çox istifadəyə, elmi məqalələrin xaricdə nəşrinə çəkib.
Sonda tədbir iştirakçıları Elm Günü münasibətilə təşkil edilmiş sərgiyə baxıblar.