AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun nəşri olan “Türk dünyasının coğrafiyası və etnosu”nun I cildi çapdan çıxıb.
Əsərin ideya müəllifi və məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi redaktorları akademiklər R.M.Məmmədov və N.Q.Cəfərov, buraxılışına məsul dosent Məhərrəm Həsənovdur.
“Türk dünyasının coğrafiyası və etnosu” təkcə Azərbaycanda deyil, bütün Türk dünyası ölkələrində ilk dəfədir ki, belə böyük həcmdə çap edilir. Bu fundamental əsərin 3 cilddə nəşr edilməsi nəzərdə tutulur.
Fiziki coğrafiya cildi 386 səhifədən ibarət olub təqribən 11 milyon kvadrat metrdən artıq bir ərazinin fiziki coğrafi xüsusiyyətlərinə həsr edilmişdir. Burada Türk dünyasının coğrafi mövqeyi, bəşər sivilizasiyasında çox böyük rolu olan, dünya tarixinin, mədəniyyətinin, ədəbiyyatının, coğrafi biliklərin, folklorunun, elminin formalaşmasında xüsusi yeri olan böyük bir toplumun özünəməxsus xüsusiyyətləri coğrafi baxımdan araşdırılır və ümumiləşdirilir.
Bundan sonrakı fəsillər Türk dünyasının vahid bir coğrafi məkan kimi relyefinin, geoloji quruluşunun, iqliminin, hidrologiyasının, torpaq və bitki örtüyünün, landşaft xüsusiyyətlərinin, ekoloji problemlərinin öyrənilməsinə həsr edilmişdir.
Elmi məlumatlarla çox zəngin olan bu kitabda çoxlu sayda xəritələrdən, fotoşəkillərdən, qrafıklərdən istifadə edilmişdir ki, bu da onu daha da oxunaqlı edir.
Əsər Türk dünyası ölkələri ilə maraqlanan geniş oxucu kütləsi, dövlət idarəçiliyi təşkilatlarının mütəxəssisləri, müvafiq ali məktəblərin professor-müəllim heyəti, bakalavr və magistr təhsil pillələri, doktorantlar, ayrı-ayrı türk dövlətlərinə səfər etmək istəyən turistlər, həmin ölkələrin turist səyahətlərini təşkil edən turizm şirkətləri üçün böyük elmi mənbə rolunu oynayacaqdır.