AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun növbəti Elmi seminarında c.ü.f.d. Etibar Bədəlov “Aran iqtisadi-coğrafi rayonunda urbanizasiya prosesi və demoqrafik inkişaf problemləri” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə regionda şəhər məskunlaşmasının ölkədə mövqeyi və inkişafı, həmçinin inzibati rayonlar üzrə urbanizasiya səviyyəsi və şəhər məntəqələrində demoqrafik proseslər təhlil edilib, əhalinin təbii artımı, nikah və boşanmaların dinamik inkişafındakı problemlər xüsusi vurğulanıb.
Tədqiqatçı müəyyən edib ki, 2010-2018-ci illərdə regionun şəhər əhalisinin orta illik artımı zəifləyərək 8 min nəfərdən 5 min nəfərə düşmüş, 2015 illə müqayisədə 2017-cı ildən təbii artımın (hər 1000 n. görə 10,2-7) və doğumun (16,5-13,6) nisbi əmsal göstəriciləri sürətlə aşağı enmişdir. Burada ən aşağı göstəricilər Göyçay, Zərdab, Bərdə və Neftçala şəhər məntəqələrinin payına düşür. Rəsmi qeydiyyata alınmamış nikahdan doğulanların sayı 20%-dən yüksək olmuşdur. Ölüm əmsalı göstəricisi artımla (6,3-6,6) müşayiət olunur və ölkə səviyyəsi ilə müqayisədə daha yüksəkdir. Bu baxımdan Göyçay, Zərdab, Kürdəmir və Bərdə rayonlarının şəhər əhalisi mənfi mənada fərqlənir. Nikahlarda azalma (7,5-6,5), boşanmalarda isə sürətli artım (1,5-1,8) müşahidə olunur. E.Bədəlov körpə ölümünə görə şəhərlə kənd əhalisi arasında böyük fərqlər olduğunu diqqətə çatdırıb, bildirib ki, ölkəmizdə uşaq yaşda (0-14) ölüm sayının 10 %-dən yüksək olması qonşu ölkələr arasında ən böyük göstəricidir.
Tədqiqatçının fikrinə görə demoqrafik proseslərdə baş verən mənfi proseslərin qarşısının alınması üçün dövlət səviyyəsində tədbirlər görülməli və əhalinin tibbi sığorta məsələləri tezliklə həyata keçirilməlidir.