Beynəlxalq Mətbuat Mərkəzində akademiklər Akif Əlizadə və Ramiz Məmmədovun elmi redaktorluğu ilə AMEA ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu “Geomorfologiya və təbii risklər” şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dos. Starə Tarixazərin yenicə çapdan çıxmış “Ümumi yerşünaslıq” (rus dilində) dərs vəsaitinin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan İnstitutunun direktoru, akademik Ramiz Məmmədov kitabın ensiklopedik əhəmiyyətindən, onun coğrafiya fakültələrinin müəllimləri, tələbə və doktorantları, eləcə də orta məktəb müəllimləri üçün əvəzsiz bir mənbə olduğundan söhbət açıb. O bildirib ki, kitabda ümumi yerşünaslığın predmeti, obyekti və vəzifələri nəzərdən keçirilir. Yer kürəsinin daxili quruluşu və yaranma şərtləri, həmçinin coğrafi təbəqə - geosferin xüsusiyyətləri haqqında geniş məlumat verilir. Burada Günəş sisteminin yaraması, litosfer, iqlim, iqlim yaradan amillər, yer kürəsinin relyefi, relyef əmələgətirən endogen və ekzogen proseslər, atmosfer, hidrosfer, qurunun suları, biosfer, torpaq örtüyü, ətraf mühitin mühafizəsi və s. haqqında geniş məlumat almaq mümkündür.
İnstitut direktoru tələbələrimizin uzun müddət fiziki coğrafiyanın əsası olan yerşünaslıq fənnini keçən əsrin ortaları və sonunda çap edilmiş köhnəlmiş sovet dərslikləri əsasında öyrəndiklərini, o vaxtdan isə nəinki fənnin tədrisinin, eləcə də coğrafiyanın əksər sahələrinin yeniləndiyini və bu yeni məlumatların kitabda öz əksini tapdığını diqqətə çatdırıb. Akademik 426 səhifədən, 6 hissədən, 20 fəsildən ibarət və çoxlu sayda şəkil, cədvəl, xəritələrlə müşayiət olunan dərs vəsaitinin oxunaqlı və asan bir dildə qələmə alındığını xüsusi qeyd edib.
Sonra S.Tarixazər çıxış edərək bildirib ki, bu kitab coğrafiyanın öyrənilməsinə sistemli yanaşma baxımından və ölkənin tədrisin standart çərçivəsinə uyğun işlənmiş Azərbaycanın ali məktəbləri üçün ilk tədris vəsaitidir. 10 ilə başa gələn vəsaitdə fənnə uyğun bütün sonuncu məlumatlar toplanaraq cəmlənmiş, yeni coğrafi anlayış və terminlərin izahı verilmişdir. Müəllif dərs vəsaitinin coğrafiya fənninin tədrisini asanlaşdıracağına və öyrənilməsini maraqlı edəcəyinə ümidvar olduğunu bildirib.
İnstitut əməkdaşları - coğrafiya üzrə fəlsəfə doktorları Habil Haqverdiyev, Aydın Səfərov, aqrar üzrə fəlsəfə doktoru Ənvər Əliyev, müəllifin keçmiş tələbəsi, coğrafiya müəllimi Nərminə Həsənəliyeva mövzu ətrafında çıxış edərək bu dərs vəsaitinin çapının əhəmiyyəti, onun Azərbaycan dilinə tərcüməsinin vacibliyi və önəmi haqqında müzakirələr aparıblar.
AMEA prezidenti, akademik Akif Əlizadənin tövsiyəsi əsasında və oxucuların arzusuna görə kitabın daha böyük tirajla nəşri və onun Azərbaycan dilinə tərcümə olunmasının daha böyük fayda verəcəyi haqqında da fikirlər səsləndirilib.