AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun növbəti Elmi seminarında 11-13 oktyabr 2018-ci il tarixlərində Almatı şəhərində V Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda iştirak edəcək alimlərin məruzələri dinlənilib.
C.ü.f.d., dos. Mirnuh İsmayılov akademik R. Məmmədov və c.ü.f.d., dosent M.Həsənovla birgə hazırladığı “Türk Dünyasının coğrafi məkanı və geopolitik vəziyyəti” mövzusunda məruzə ilə çıxış edib. Tədqiqatçı bildirib ki, türk dünyası dövlətləri və xalqlarının Avrasiya materikində coğrafi məkanı, sərhədləri və təbii şəraiti əsaslı şəkildə təhlil edilmiş və onların etnocoğrafi məskunlasma sahələrinin digər xalqlarla müqayisəsi aparılmışdır. Burada həmçinin türk xalqlarının coğrafi məkanının tarixi-coğrafi analizi aparılmış, onların geopolitik vəziyyəti və bəzi ekocoğrafi problemləri şərh edilmişdir. Tarixi-coğrafi baxımdan Avrasiya materikinin əsasən kənarlarında yerləşmiş sivilzasiyalar arasında hərbi-siyasi, iqtisadi və mədəni əlaqələrin qurulmasında, əlverişli tarazlığın saxlanmasında türk dünyasının rolu qiymətləndirilmişdir. Geopolitik cəhətdən türk dünyasının müasir və gələcək inkişafına təsir göstərən Qərbi və Şərqi Avropa, Şərqi Asiya, Cənub-Qərbi Asiya kimi əsas güc mərkəzləri ilə münasibətlərin perspektiv inkişafı dəyərləndirilmişdir.
Sonra c.ü.f.d., dos. Zaur İmraninin “Türkdilli dövlətlərin turizm potensialı və ondan istifadə yolları” mövzusunda məruzəsi dinlənilib. O, türk dünyası coğrafiyasının çox geniş olduğunu vurğulayıb, türkdilli dövlətlərin beynəlxalq aləmdə tanıdılması, onların davamlı iqtisadi inkişafa nail olmaları, keçid dövrü ilə əlaqədar məşğulluq problemlərinin aradan qaldırılması, əhalinin sosial rifah halının yüksəldilməsi və s. bu kimi məsələlərin həlli istiqamətlərindən turizm amilinin rolunu açıqlayıb. İmrani turizm təsərrüfatında mövcud olan problemləri qeyd edərək, türkdilli dövlətlərdə turizmin inkişaf perspektivlərinin müəyyən edilməsi, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, turizm mübadiləsinin genişləndirilməsi, ortaq turizm marşrutlarının yaradılması təşəbbüsünü bildirib.