Novruz yığıncağı 2017-03-17 12:00:00 / TƏDBİRLƏR

Martın 17-də Coğrafiya İnstitutunda akademik Ramiz Məmmədovun sədrliyi ilə Novruz bayramına həsr olunmuş yığıncaq keçirildi.

R.Məmmədov Novruz bayramının tarixindən, adət-ənənələrindən, atributlarından, keçirilməsinin

əhəmiyyətindən  söz açaraq qeyd etdi ki, bayramın tarixi qədim zamanlara - Zərdüşt peyğəmbərin dövrünə gedib çıxır ki,  alimlər onun yaşının 3700 ildən artıq olduğunu müəyyən ediblər. Yazın gəlişinin rəmzi olan Novruz  “Yeni gün” mənasını verir. Azərbaycanlılarla yanaşı, Şərqin digər xalqları da qədim zamanlardan baharın gəlişini şənliklərlə qarşılayırlar.

Tonqal qalamaq, səməni cücərtmək, yumurta döyüşmək kimi Novruz adətlərini yada salan akademik su ilə əlaqədar ənənələri də nəzərə çatdıraraq qeyd etdi ki, Azərbaycanda təzə ildə axar suyun üstündən tullanmaqla, keçən ilin günahlarını yumuş olurdular. Bununla o, diqqəti bu günlərdə iştirakçısı olduğu Bakıda keçirilən Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illik yubileyinə həsr olunmuş  “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda beynəlxalq elmi-praktiki konfransa yönəltdi. Alim konfransın gedişi  haqqında qısa məlumat verdi və qeyd etdi ki, bu kəmərin 100 il öncə Bakıya çəkilişi Novruz ərəfəsinə təsadüf etdiyindən  bakılılara böyük bir bayram hədiyyəsi olub.

Çıxışının sonunda R.Məmmədov İnstitut kollektivini bayram münasibətilə təbrik etdi və onlara sevgi, mehribanlıq, bir-birinə qarşı hörmət və qayğı göstərməyi, evdən işə və işdən də evə böyük həvəslə gedib-qayıtmağı, eləcə də gördükləri işdən zövq almalarını arzuladı.

Sonra Həmkarlar Komitəsinin sədri, c.ü.f.d. Habil Haqverdiyev  bayram nitqi söylədi. Diqqətə çatdırdı ki, birlik, qardaşlıq bayramı olan Novruz sülh, mənəvi saflıq, barışıq, təbiətin oyanışıdır. Bildirildi ki, Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə, yəni martın 20-dən 21-nə keçən gün keçirilir. Yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğu Novruz bayramı təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlıdır. H.Haqverdiyev qeyd etdi ki, 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 2010-cu ildə isə mart ayının 21-i Beynəlxalq Novruz Günü elan edilib.

xonça bəzənir, yumurta boyanır, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər

İqlim və aqroiqlimşünaslıq  şöbəsinin əməkdaşı Rafiq İsmayılov söz alaraq mövzu ətrafında fikirlərini bildirdi, qeyd etdi ki, bayram gecəsi yeni ilin təhvil olduğu gündür ki, o gün gecə ilə cündüz bərabər olur. Novruz  qədim zamanlardan bəri od, yel, su və torpaq çərşənbələrindən sonra qeyd edilir. Natiq bu bayramın Qazaxın Şıxlı kəndində keçirilməsinin özəlliklərindən söhbət açdı və müxtəlif zonalarda Novruz ənənələrinin rəngarəngliyi ilə seçilməsini vurğuladı.

Digər çıxış edənlər də öz regionlarında Novruz bayramının necə keçirilməsindən söhbət açdılar.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2019