AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunda Azərbaycan Silahlı Qüvvələri yaranmasının 100 illiyi münasibətilə yığıncaq keçirilib.
Yasamal rayon İcra Hakimiyyətinin nümayəndəsi Mehman Muxtarov, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri” ictimai birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev, Azərbaycan Texniki Universitetin Tarix kafedrasının müdiri, tarix elmləri doktoru, professor Şikar Qasımov, “Azad Azərbaycan” qəzetinin baş redaktor müavini professor Hacı Tofiq Seyidzadə tədbirdə iştirak ediblər.
İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov giriş sözü ilə çıxış edərək bildirib ki, ölkəmiz hər il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin ildönümünü qeyd edir. Bu il isə şanlı Ordumuzun 100 yaşı tamam olur. Fəxredicidir ki, hazırda Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. Fəaliyyət göstərən hərbi sənaye kompleksində minə yaxın adda hərbi təyinatlı məhsul istehsal edilir, dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Azərbaycan Ordusu beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştirak edir.
İnstitut Həmkarlar İttifaqı Komitəsinin sədri, coğrafiya üzrə fəlsəfə doktoru Habil Haqverdiyev 100 illik yubileyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük xidmətlərindən birinin Silahlı Qüvvələrin yaradılmasının olduğunu bildirib. O deyib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz sürətlə inkişaf edir. Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilib.
Çıxışını Azərbaycan xalqının “Ordun varsa, yurdun var” deyimi ilə başlayan B.Şeydayev Milli Ordumuzun güvənc yerimiz, qürur mənbəyimiz olduğunu qeyd edib. Bildirib ki, Qarabağ uğrunda döyüşən, əlil olan insanlara xüsusi diqqət və qayğı göstərilməlidir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahədə gördüyü işlər diqətəlayiqdir.
Professor Ş. Qasımov çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin yaranması, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə hökm sürən ictimai-siyasi vəziyyət, mürəkkəb siyasi dövrdə cərəyan edən tarixi hadisələr, Azərbaycan hərbçiləri və əsgərlərinin Böyük Vətən Müharibəsində göstərdikləri şücaətlər, müasir ordumuzun indiki durumu, əldə etdiyi nailiyyətlər və s. haqqında geniş məlumat verib. O qeyd edib ki, bu nailiyyətləri görməmək və sevinməmək qeyri mümkündür, Silahlı Qüvvələrimizin uğurları bizə ümid verir ki, düşmən tapdağı altında qalan torpaqlarımızın qaytarılacağı gün çox da uzaqda deyil.
Sonra Qarabağ uğrunda döyüşlərdə həlak olmuş şəhid Elxan Məmmədova ünvanlanmış “Vətən naminə” medalı şəhidin anası, Coğrafiya İnstitutunun əməkdaşı Gülşən Məmmədovaya təqdim edilib. M. Həsənov bildirib ki, şəhid anası olmaq özü bir növ qəhrəmanlıqdır. Gülşən xanım və həyat yoldaşı, Coğrafiya İnstitutunda birgə işlədikləri Bədrəddin Məmmədovun ailəsində vətənpərvərlik ruhunda tərbiyə almış Elxan İnstitutun 4-cü kursundan müharibəyə getmiş, Vətən uğrunda gedən döyüşlərdə həlak olmuşdur. İndi Gülşən xanım nəvəsinin xoşbəxtliyinə çalışmalıdır.
Şəhid anası Gülşən Məmmədova İnstitut tərəfindən ona göstərilən diqqət və qayğıya, eləcə də oğlunun və özünün ünvanına söylənmiş xoş sözlərə görə təşəkkürünü bildirib.
Cİ Qadınlar Şurasının sədri Luiza Salayeva və şöbə müdiri, a.ü.f.d. Ənvər Əliyev çıxış edərək Azərbaycan Ordusunun şanlı döyüş yolundan söhbət açıb, Azərbaycanın mərd oğulları ilə qürur duyduqlarını diqqətə çatdırıb və şəhid Elxan Məmmədova rəhmət, anası Gülşən xanıma səbr diləyiblər.