AMEA ak. Həsən Əliyev adına Coğrafiya İnstitutu və islam ölkələri Beynəlxalq Elm və Okeanografik Texnologiya Şəbəkəsinin birgə təşkilatçılığı ilə 12-14 may tarixində Holiday Inn hotelində “Daxili su hövzələrinin problemləri: Xəzər dənizi hövzəsinin tematik öyrənilməsi” mövzusunda Beynəlxalq konfrans keçirilmişdir.
Almaniya, İsveçrə, ABŞ, Fransa, Rusiya, İran İraq və digər ölkələrin tədqiqatçı alimlərinin iştirak etdiyi tədbirin keçirilməsində məqsəd Xəzər dənizi, Aral, Van və Urmiya gölləri hövzəsi üzrə mövcud problemlərin həlli yollarının araşdırılması, bu istiqamətdə beynəlxalq elmi əməkdaşlıq mübadiləsinin genişləndirilməsi olub.
AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov iştirakçıları salamlamış, tədbirin əhəmiyyətini açıqlamışdır. Bildirmişdir ki, Rusiya və Azərbaycan coğrafiyaçıları arasında elmi əlaqələr hələ SSRİ dövründə formalaşıb, uzun illər birgə tədqiqatlar nəticəsində mühüm nəticələr əldə olunub. Rusiya faktı tarixən Azərbaycan elminin inkişafında mühüm rol oynayıb və bu gün iki ölkə arasında olan siyasi, iqtisadi, elmi, mədəni və digər sahələrdəki güclü əlaqələr artan xətlə inkişaf edir.
Akademik eyni zamanda diqqətə çatdırmışdır ki, bu konfrans AMEA Coğrafiya İnstitutunun rəhbərliyi altında Xəzəryanı ölkələrin (Azərbaycan, Qazaxıstan, İran və Türkiyə) "İqlimin dəyişmələrinin təsiri ilə holosendən indiki dövrə qədər Xəzər dənizinin səviyyə tərəddüdlərinin dinamikası: Regionun ekologiyası və sosial-iqtisadi qiymətləndirilməsi" mövzusunda ECOSF fondunun Elmi Tədqiqat layihələrinin maliyyələşdirilməsi Proqramı çərçivəsində təqdim etdiyi beynəlxalq layihənin başlanğıc nöqtəsi hesab olunur.
İqtisadi Əməkdaşlıq Təşkilatı Elm Fondunun (ECOSF) rəhbəri cənab Mansur Hüseyn çıxış edərək İƏT-in fəaliyyəti haqqında məlumat vermişdir. Qeyd etmişdir ki, Təşkilata üzv olan ölkələrin digər ölkələrlə geniş əməkdaşlıq əlaqələri vardır, burada çoxsaylı layihələr həyata keçirilir. Hazırda Azərbaycanın bu Təşkilata tam şəkildə üzvlüyü məsələsi müzakirə olunur. Ölkənin dövlət rəsmilərindən AMEA-nın prezidenti Akif Əlizadə ilə görüş olub. Azərbaycan bu Təşkilata üzv olduqdan sonra elm adamları Fondun imkanlarından geniş istifadə etmək hüququ qazanacaq və elmi işlərini daha yüksək səviyyədə icra edə biləcəklər. ECOSF rəhbəri 2018-2019-cu illərdə bu məsələnin öz həllini tapacağına əminliyini bildirmişdir.
BP-nin vitse-prezidenti Greg Riley çıxışında diqqətə çatdırmışdır ki, Xəzər dənizi səviyyəsinin öyrənilməsi, ekoloji problemlər təkçə alimlərin deyil, BP Şirkətinin də maraq dairəsindədir. Bu tədbirin keçirilməsinə böyük önəm verildiyini deyən vitse-prezident konfransa dəvətə və burada çıxış etməyə imkan yarandığına görə təşkilatçılara təşəkkürünü bildirmişdir.
Ümumiyyətlə, tədbirdə iqlim dəyişikliyinin təsirləri: dəniz səviyyəsi, bioresurslar, biomüxtəliflik, dənizin ekologiyası və balıq ehtiyatları; hövzənin iqlim və hidrometeoroloji xüsusiyyətləri; Xəzər regionunda beynəlxalq əməkdaşlıq, sosial-iqtisadi inkişaf, sənaye və enerji; Xəzər dənizinin fiziki və kimyəvi xüsusiyyətləri, geologiyası, geomorfologiyası, paleocoqrafiyası, geofizikasısı, seysmologiyası, seysmik təhlükənin qiymətləndirilməsi; Müasir iqlim dəyişmələrinin tədqiqinə dair məsafədən zondlama və CİS tətbiqi; Xəzər dənizinin davamlı inkişafı, risklər, fəlakət və təhlükələr; Xəzərin ekosistem sağlamlığının qorunması və dəyişməsi mövzuları ətrafında məruzələr dinlənilmiş və müzakirə olunmuşdur.
Konfrans iştirakçıları müzakirə olunan məsələlərin əhəmiyyətini nəzərə alaraq belə elmi-praktik konfransların vaxtaşırı keçirilməsini zəruri hesab etmişlər.
Tədbirin sonunda uyğun qərar layihəsi qəbul olunmuş və təsdiq edilmişdir.