Elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənovun sədrliyi ilə fevralın 28-də AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası keçirilib.
İclasda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları - baş direktorun elmi məsələlər üzrə müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Azay Rzayev və maqnitometriya şöbəsinin böyük elmi işçisi Nadirşah Xanbabayev iştirak ediblər.
Cİ Geomorfologoya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Starə Tarixazər Bayıl yamacının sürüşmə zonasında vəziyyət haqqında məruzə edib. Həmin ərazini tədqiq və dəfələrlə müşahidə edən S.Tarixazər bildirib ki, ərazıdə olarkən sakinlərlə görüşmüş, məsələyə münasibətlərini öyrənmiş, eləcə də Səbail rayon İH başçısı Eldar Əzizovla mövcud problemlə əlaqədar fikir mübadiləsi aparmışdır.
Məruzəçi qeyd edib ki, son vaxtlar Bakıda tikinti zamanı, konkret olaraq isə Bayıl yamacında ərazinin geoloji-geomorfoloji, mühəndis-geoloji, hidro-geoloji və digər xüsusiyyətlər nəzərə alınmır. Nəticədə isə bir müddətdən sonra sürüşmələr yaranır, tikililərdə çatlar və çökmə kimi hallar baş verir. Tədqiqatçı bildirib ki, tikinti zamanı işlər aktiv sürüşmə zonalarının təyini istiqamətində aparılmalı, monitorinq keçirilməlidir. Sürüşmələrin səbəbi relyef, mövcud tektonik qırılmalar, süxurların litoloji tərkibi, yamacların meylliliyi, atmosfer yağıntıları, Xəzər dənizinin tərəddüdü, texnogen sular (kanalizasiya və suvarma), yamacların kəsilməsi, tikinti işləri və s. kimi təbii və antropogen amillərin Bayıl zonasına təsirinin nəzərə alınmamasıdır.
Starə xanımın fikrinə görə, əgər yaxın vaxtlarda yeraltı sular sızmasının qarşısı alınması, torpağa olan təzyiqin azalması və burada meşə-park zonasının salınması kimi profilaktik tədbirlər görülərsə, artmaqda olan sürüşmə prosesinin fəallığını minimuma endirmək mümkündür.
RSXM-nın əməkdaşları A.Rzayev və N.Xanbabayev mövzu ilə əlaqədar çıxış edərək məsələyə münasibət bildiriblər.
İclasın sədri RSXM-nın əməkdaşlarını bu mövzuda geniş məruzə etmək üçün Elmi seminarın növbəti iclaslarından birinə dəvət edib.
Sonra Mehman Mehbalıyevin AMEA-nın "Xəbərlər" jurnalında çap etdirmək üçün "Böyük Qafqazın geomorfosistem yamaclarının morfometrik tədqiqi və ekogeomorfoloji gərginliyinin qiymətləndirilməsi" mövzusunda yazdığı məqalənin müzakirəsi keçirilib.