AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasında böyük coğrafiyaşünas alim, elm təşkilatçısı, ictimai-siyasi xadim, AMEA-nın həqiqi üzvü, coğrafiya elmləri doktoru, akademik Budaq Budaqovun 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Elmin İnkişafı Fondunun icraçı direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elçin Babayev, Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev, elmi ictimaiyyət və Budaq Budaqovun ailə üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov görkəmli alimin şərəfli həyat yolundan, onun coğrafiya elminin müxtəlif sahələrində əldə etdiyi nailiyyətlərdən danışıb. F.Qədirov qeyd edib ki, bu gün artıq Budaq müəllimin Türk dünyası coğrafiyasının yaradılması ideyası reallaşmaq üzrədir.
AMEA ak. Həsən Əliyev adına Coğrafiya İnstitutun direktoru, akademik Ramiz Məmmədov akademik Budaq Budaqovun həyat və fəaliyyəti haqqında geniş məruzə edib. Bildirilib ki, ölkəmizdə milli coğrafiya elmi məktəbinin bünövrəsini qoyan görkəmli alim Azərbaycan coğrafiya elminin bugünkü nailiyyətlərində və bu elmin respublikanın sərhədlərindən kənarda qiymətləndirilməsində böyük xidmətlər göstərmişdir. B. Budaqov geomorfologiya və landşaftşünaslıq elminin banisi olmuş və məhz onun yaratdığı geomorfoloqlar, ekocoğrafiyaçılar və landşagtşünaslar məktəbləri nəinki respublikada, keçmiş SSRİ məkanında tanınmışdı. Respublikamızda coğrafiya elminin inkişafına dəyərli töhfələr verən akademik uzun illər Coğrafiya İnstitutuna rəhbərlik etmiş, orada ilk dəfə olaraq meteorologiya və kənd təsərrüfatı iqlimşünaslığı, əhali coğrafiyası şöbələrini yaratmışdı. Onun selşünaslıq, sürüşmə, buzlaqların öyrənilməsi sahəsindəki tədqiqatları geomorfologiyanın inkişafina böyük təkan vermişdir.
Toponimikanın bir elm kimi inkişafının B.A.Budaqovun adı ilə bağlı olduğunu vurğulayan direktor alimin elmi uzaqgörənliyi sayəsində Bakının keçmiş Sovetlər məkanında coğrafi toponimik fikrin mərkəzinə çevrildiyini bildirib.
R.Məmmədov görkəmli alimin özündən sonra qoyub getdiyi zəngin elmi irsindən söhbət açaraq, onun çapdan çıxmış 1060-dan çox əsərin, o cümlədən 30 xəritə-atlas, 40 monoqrafiya, türk mənşəli toponimik adların izahına həsr olunmuş 4 lüğətin müəllifi, yüzdən çox əsərin elmi redaktoru olduğunu diqqətə çatdırıb. İnstitut rəhbəri alimin pedaqoji fəaliyyətindən danışarkən onun 50 elmi dərəcəli mütəxəssis yetişdirdiyini diqqətə çatdırıb.
BDU-nun kafedra müdiri, c.e.d., professor Tapdıq Həsənov akademik B.Budaqovun pedaqoji fəaliyyəti haqqındakı məruzəsində görkəmli alimin ömrü boyu pedaqoji fəaliyyətlə məşğul olmasından, onun coğrafiya dərsliklərinin, tədris xəritələrinin hazırlanmasındakı əvəzsiz xidmətlərindən, perspektivli gənclərə olan diqqətli münasibətindən bəhs edib, onların yaxşı mütəxəssis, alim kimi yetişməsində akademikin rolunu xüsusi qeyd edib.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov çıxış edərək alimin həyat yoluna işıq salıb, elmi, ictimai, pedaqoji və publisist yaradıcılığından, alimin Bakı Dövlət Universitetindəki pedaqoji fəaliyyətindən söhbət açıb.
Dramaturq Əmir Pəhləvan çıxışında Budaq Budaqovu Azərbaycan ictimai-siyasi fikir tarixində ən nəhəng simalardan biri adlandırıb və onun kimi bir alimlə eyni dövrdə, eyni məkanda yaşadığına görə fəxr etdiyini qeyd edib. Sonra Ə.Pəhləvan akademikin xatirəsinə həsr etdiyi “Səndən başqa təbiətin dostu yox” adlı şerini oxuyub.
B.Budaqovun qohumu, İqtisad Universitetinin professoru Yaşar Əlihüseynov çıxış edərək, ailəsi və qohumları adından alimin yubileyinin təşkili üçün AMEA Coğrafiya İnstitutuna, şəxsən onun rəhbəri akademik Ramiz Məmmədova dərin minnətdarlığını bildirib. O, alimin gördüyü xeyirxah işlərdən, vətənpərvərliyindən, xasiyyətindəki yumor hissindən, qohumlarına, dostlarına olan isti münasibətdən və s. söhbət açıb.
Tanınmış jurnalist Telli Pənah qızı Budaq müəllim haqqında danışarkən onu sanki bütün dünyanı əhatə edən qollu-budaqlı çinara bənzədib. O, deyib ki, aldığı müsahibələr zamanı alimin daxili aləminin nə qədər zəngin olduğunun şahidi olub. Jurnalist təəssüflə ondan aldığı sonuncu müsahibənin Xocalı faciəsi haqqında olduğunu və bu hadisələr zamanı Budaq müəllimin hədsiz kədərini, qəmini “saçlarından belə kədər axırdı” kəlməsi ilə ifadə edib.
Akademik B.Budaqovun qızı, 46 saylı orta məktəbin direktoru, əməkdar müəllim Sevinc Budaqova çıxış edərək vurğulayıb ki, akademiklər ailəsində boya-başa çatdığına görə fəxr edir və atası, Coğrafiya İnstitutunun direktoru olmuş akademik Budaq Budaqov və anası, Dilçilik İnstitutunun direktoru olmuş mərhum akademik Zərifə Budaqova ilə qürur duyur. S.Budaqova atası ilə bağlı xatirələrini bölüşüb və söz verib: “yerdə qalan ömrümü hər iki görkəmli alimə layiqli övlad kimi yaşayacağam”.
Akademikin övladı çıxışının sonunda Milli Elmlər Akademiyası və Coğrafiya İnstitutunun rəhbərliyinə, eləcə də tədbirdə iştirak edən hər bir kəsə dərin minnətdarığını bildirib.