Elmi Şura ilə Elmi seminarın mayın 31-də keçirilən növbəti birgə iclasında Aruz Mətaf oğlu Mikayılovun “Kür çökəkliyi landşaftlarının səhralaşmasında geoloji-geomorfoloji proseslərin rolu” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, qlobal ekoloji problemlərdən olan səhralaşma prosesi arid xüsusiyyətlərə malik Kür çökəkliyi üçün də səciyyəvidir. Səhralaşma uzunmüddətli proses olduğundan, onun yaranması və inkişafında geoloji-geomofoloji amillər xüsusi rola malikdir. Tədqiqatçı müəyyən etmişdir ki, geoloji-geomorfoloji amillər çökəklik ərazisində alçaqdağlıq və dağətəyi ərazilərdə səhralaşmanın yaranmasında və inkişafında daha intensiv iştirak edir. Bu ərazilərdə ekzodinamiki proseslərin daha sürətlə inkişaf etməsi səhralaşmaya potensial zəmin yaradır. Tədqiq olunan ərazidə geoloji-geomorfoloji proseslər Kiçik Qafqaz dağətəyi, Ceyrançöl və Acınohur alçaq dağlıq ərazilərində səhralaşma ocaqlarının yaranması və inkişafında aktiv təbii amil kimi iştirak edir və üstünlüyü ilə səciyyələnir.
Sonra aparıcı elmi işçi, c.ü.f.d., dos. Starə Tarixazər çapa hazırladığı “Ümumi yerşünaslıq” (rus dilində) dərsliyini təqdim edib, iştirakçıları maraqlandıran sualları cavablandırıb. Müzakirələrdən sonra qərara alınıb ki, kitab nəşr olunmaq üçün çapa təqdim olunsun.
İclasda həmçinin, İnstitutun yeni nizamnaməsindəki və Elmi Şuranın tərkibindəki dəyişikliklər, elmi katib, c.ü.f.d. Zərnurə Həmidova və b.e.i., c.ü.f.d. Elina Kərimovanın “dosent” elmi adı alması üçün təqdim etdiyi sənədlərin müzakirəsi və digər məsələlərə baxılıb.