2013-cü il, dekabrın 25-də AMEA-nın akt zalında Yer Elmləri Bölməsinin 2013-cü il üçün illik hesabatına həsr olunmuş iclas keçırıldi.
İclasda AMEA prezidenti, akademik Akif Əlizadə, YEB-in akademik-katibi, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov, bölmə institutlarının rəhbərləri, bölmə üzrə mühüm nəticələrin icraçıları, əlaqədar təşkilatların nümayəndələri və s. iştirak edirdilər.
İclasda YEB institut və təşkilatları ilə birgə elmi fəaliyyətləri ilə seçılən bəzi aspirantların da hesabatları dinlənildi, hesabatlar ətrafinda müzakirələr aparıldı, münasibət bildirildi.
AMEA Coğrafiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov institutun 2013-cü ildəki fəaliyyəti barədə hesabatla çıxış edərək bildirdi ki, 16 mərhələdə 2 problemi əhatə edən 14 mövzu üzrə elmi-tədqiqat işləri aparılmış, 5 mühüm elmi nəticə əldə edilmişdir. Hesabat ilində Azərbaycanın “Milli Atlası”na daxil edilmiş 169 xəritə yenidən işlənmiş, redaktə olunmuş və nəşrə hazırlanması təmin olunmuşdur. Elmi-tədqiqat işləri planına müvafiq olaraq və qrant layihələrinin yerinə yetirilməsi məqsədi ilə çöl-tədqiqat işləri aparılmışdır. İnstitutun əməkdaşları tərəfindən 209 elmi əsər (2 kitab, 4 monoqrafiya, 192 məqalə, 2 tezis, 9 dərslik və dərs vəsaitləri) dərc olunub. Onlardan 44 məqalə xaricdə nəşr olunub. İnstitutda cari ildə 3 coğrafiya üzrə elmlər doktoru və 12 coğrafiya üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə edilib.
Sonra Fəxrəddin Qədirov YEB tərəfindən il ərzində görülən işlər haqqında məlumat verdi.
Müzakirələrdə iştirak edən AMEA-nın müxbir üzvləri V.Babazadə, A.Quliyev, A.Qəribov, H.Quliyev, K.Kərəmov və başqaları aparılmış tədqiqatların nəticələrini yüksək qiymətləndirərək illik hesabatı qənaətbəxş hesab etdilər.
Coğrafiya İnstitutunun əməkdaşı, k/t e.n. Ə.Əliyev məruzələrə münasibət bildirərək söylənən müsbət nəticələrlə yanaşı bəzi həllini gözləyən problemlərin də olduğunu qeyd etdi, akademiyanın nəqliyyat bazasının genişləndirilməsinin, texniki-təchizat bazasının bərpasının, çöl elmi-tədqiqat ekspedisiyalarının təşkili üçün çox vacib olduğunu nəzərə çatdırdı və AMEA rəhbərliyi bu təklifi məqbul qəbul etdi.
AMEA-nın prezidenti A.Əlizadə Coğrafiya İnstitutunun direktor əvəzi, AMEA-nın müxbir üzvü, professor Ramiz Məmmədovun rəhbərlik etdiyi İnstitutda yerinə yetirilən elmi-tədqiqat işlərinin digər elm sahələri – xüsusən fizika, geofizika, geokimya elmləri ilə, eləcə də informasiya texnologiyaları, GİS ilə əlaqədar aparılmasını ayrıca qeyd etdi və bu istiqamətdə işlərin daha da genişləndirilməsini tövsiyə etdi.
Akademik Akif Əlizadə yekun çıxışında qarşıda duran vəzifələr və qaldırılan problemlərə toxunaraq Yer Elmləri Bölməsinə daxil olan təşkilatların hesabatlarını qənaətbəxş hesab etdi.