ARFH atlası 2016-03-30 22:26:00 / MÜHÜM HADİSƏLƏR

Məlum olduğu kimi, Prezident İlham Əliyev martın 2-də “Azərbaycan Respublikasının Hövqəladə Hallar Atlası”nın nəşri haqqında Sərəncam imzalayıb.

Sərəncamda redaksiya heyətinin tərkibi və proqram layihəsi  təsdiqlənib. AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru akademik Ramiz Məmmədov Atlasın məsul katibi təyin olunub. Əsas icraçılar AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya, eləcə də Geologiya və Geofizika İnstitutları təyin edilıb.

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının martın 30-da keçirilən iclasında akademik R.Məmmədov bu Sərəncamın icrası və Azərbaycan Respublikasının Fövqəladə Hallar Atlasının hazırlanması haqqında iclas iştirakçılarına geniş  məlumat verib. 

Akademik  bildirib ki, ilk dəfə olaraq 2008-ci ildə Azərbaycan Respublikasının Fövqəladə Hallar Atlasının yaradılması barədə təşəbbüs qaldırmış, onun tərtib etdiyi layihə  dəfələrlə müxtəlif səviyyələrdə müzakirə olunmuşdur. Azərbaycanda bu Atlasının yaradılması istiqamətində işlər iki il əvvəl başlamış və prezidentin məlum sərəncamından sonra sürətlənmişdir.

Coğrafiyaşünas  alim Azərbaycan Respubikasının inkişaf edən dağıdıcı proseslərin baş verdiyi fəal dağlıq qurşaqda yerləşdiyini, bu amillərin qarşılıqlı təsirinin ildən-ilə fəallaşmasının nəticəsində sel, daşqın, zəlzələ, sürüşmə, quraqlıq, yanğın və digər bu kimi təbii-dağıdıcı hadisə və proseslərin ekoloji mühitə təsirinin  artdığını diqqətə çatdırıb. Bildirilib ki, ölkə ərazisində baş vermiş və baş verə  biləcək təbii dağıdıcı hadisələrin elmi cəhətdən sistemli şəkildə öyrənilməsi, onların törədə biləcəyi ziyan və risklərin kompleks qiymətləndirilməsi baxımından “Azərbaycan Respublikasının Fövqəladə Hallar Atlası”nın nəşri böyük  əhəmiyyətə malikdir və gələcəkdə ölkədə təhlükəli ərazilərin əvvəlcədən müəyyənləşdirilməsinə və nəzarət edilməsinə imkan verəcək.

Atlasın yaranmasının zəruriliyini ön plana çəkən  akademik redaksiya heyəti, icraçılar, məqsəd və vəzifələr, xəritələrin siyahısı,  tədqiqatın metod və vasitələri, gözlənilən nəticələr və s.  haqqında geniş söhbət açıb.  R.Məmmədov  qeyd edib ki, proqram layihəsini hazırlayarkən bir sıra qabaqcıl ölkələrin müvafiq təcrübəsindən yararlanıb, müsbət halları hazırkı layihənin tərtibində tətbiq etməyə çalışıb. Akademik vurğulayıb ki, xarici mütəxəssislərin qabaqcıl təcrübəsindən istifadə etmək məqsədilə onların  treninqlər keçirməsi üçün  ölkəmizə dəvət olunması nəzərdə tutulur.  Alim  Atlasın hazırlanması üçün 200-dən artıq xəritənin tərtibinə ehtiyac olduğunu da diqqətə çatdırıb.

İclasda mövzu ilə  bağlı bütün suallar cavablandırıldıqdan sonra hazırlanacaq xəritələrin sahələr üzrə bölgüsü aparılıb.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2021