Sentyabrın 30-da akademik Ramiz Məmmədovun sədrliyi ilə Coğrafiya İnstitutunun Elmi Şurası ilə Elmi Seminarının birgə iclası keçirilib.
İlk olaraq Coğrafiya İnstitutunun 70 illik yubileyi ilə bağlı tədbirlərin yekunları haqqındakı məsələyə baxılıb. İnstitutun direktoru, akademik Ramiz Məmmədov bu tədbirlərin müvəffəqiyyətlə keçməsini İnstitutun uğuru hesab edib. O deyib ki, yubiley ərəfəsində regionlarda təşkil olunan səyyar konfranslar institutun gələcək fəaliyyəti üçün yaxşı təcrübə və nümunə olacaqdır.
İnstitut rəhbəri Coğrafiya İnstitutunun inkişaf tarixi, məşğul olduğu elmi-tədqiqat istiqamətləri, coğrafiya elminin əhatə etdiyi sahələr, tanınmış alimləri, bugünkü fəaliyyəti və s. haqqında xalqı maarifləndirmək, eləcə də insanların coğrafiya ilə bağlı fikirləri, arzu və istəkləri, məsləhətlərini eşitmək məqsədilə rayonlara edilən səfərlərin əhali tərəfindən böyük razılıqla qarşılandığını və belə səfərlərin mütəmadi olmasının vacibliyini qeyd edib.
R.Məmmədov xüsusilə ulu rəhbər H.Əliyevin “Naxçıvanı yaddan çıxarmayın” tövsiyəsini əldə əsas tutaraq muxtar respublikaya edilən elmi səfərin müsbət nəticələr verdiyini vurğulayıb. O bildirib ki, konfransda “Naxçıvan coğrafiyası” 2 cildlik monoqrafiyanın hazırlanmasına verilən qərar İnstitutun qəbul etdiyi mühüm qərarlardan biridir. Yeri gəlmişkən deyək ki, artıq bu sahədə işlərə başlanmışdır.
Məruzəçi səyyar tədbirlərdə iştirak edərkən əməkdaşların xüsusən bu tədbirlər üçün sifariş edilmiş geyimlərdə - Coğrafiya İnstitutunun loqosunu əks etdirən mayka və kepkalarda olduqlarını da razılıqla qeyd edib.
Akademik Ramiz Məmmədov yubiley tədbirlərinin yekunlarından bəhs edərkən bir daha İnstitutun bu tarixə yaxşı nəticələrlə gəldiyini diqqətə çatdıraraq institutda çalışan alimlərin dəyərli fəaliyyətini təsdiqləyən faktları qürurla yada salıb. O söyləyib ki, elm sahəsində ilk Dövlət Mükafatını alan da məhz Coğrafiya İnstitutunun alimləri olub («Azərbaycanın iqlimi» mоnоqrafiyasına görə 1971-ci ildə Ə.A. Mədətzadə, Ə.M. Şıxlinski, Ə.С.Əyyubov elm sahəsində ilk Respublika Dövlət Mükafatına layiq görülmüşlər).
Yubiley ərəfəsində “Azərbaycanın Coğrafiyası” 3 cildliyinin işıq üzü görməsini İnstitut rəhbəri əlamətdar hadisə adlandıraraq yaxın günlərdə kitabların təqdimat mərasiminin keçiriləcəyini də qeyd edib. Yubileyə həsr olunmuş Beynəlxalq elmi-praktik konfransın uğurla keçməsini, konfransın gedişində Cİ-nin keçmişini və indiki fəaliyyətini əks etdirən videoçarxların hazırlanaraq nümayiş etdirilməsi yaxşı hal olduğunu və eləcə də konfrans zamanı buraxılan kiçik nöqsanları da nəzərə çatdırıb.
Çıxışının sonunda Ramiz Məmmədov tədbirdə əməyi olanlara minnətdarlığını bildirib, hamını İnstitutun 70 yaşı münasibəti ilə təbrik edib və onlara uğurlar arzulayıb.
Sonra institutun direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə sentyabrın 24-dən 27-dək Rusiya Federasiyasının Kostroma şəhərində Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyasının (EABA) “Konstruktiv coğrafi fikirlər və fundamental coğrafi tədqiqatların inkişafı” mövzusunda keçirilən 19-cu birgə sessiyasında iştirakı haqqında seminar iştirakçılarına məlumat verib. O deyib ki, coğrafi biliklərin təsərrüfata tətbiqinə əsaslanan konstruktiv coğrafiyanın yaranmasında və inkişafında böyük rol oynamış akademik İ.P.Gerasimovun 110 illiyinə həsr olunmuş konfransın əsas müzakirə obyekti konstruktiv coğrafiyanın müasir problemləri, onun inkişafında yaranan yeni istiqamətlər, əldə olunmuş elmi nəticələr, coğrafiya və cəmiyyət arasındakı qarşılıqlı əlaqələr, xüsusilə siyasi coğrafiyanın inkişafı və dünyada yaranmış yeni siyasi çağırışlara coğrafiyaçıların cavabı və s. olmuşdur.
Elbrus Əlizadənin konfransın plenar iclasında “Azərbaycanda struktur-geomorfoloji tədqiqatların inkişafı (İ.P.Gerasimovun fikirləri əsasında)” mövzusundakı məruzəsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Coğrafiya İnstitutunun Xəzər dənizi problemləri şöbəsinin baş elmi işçisi, AMEA-nın müxbir üzvü Rauf Qardaşov sentyabrın 8-dən 12-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Təbii suların optikasının müasir problemləri” adlı VIII Beynəlxalq konfransdakı iştirakından və orada “Günəş parıltıları və dalğa spektri xarakteristikaları arasındakı əlaqələrin öyrənilməsi” mövzusunda etdiyi məruzəsindən danışıb.
ACC-nin elmi katibi, c.e.f.d. Mirnuh İsmayılov məruzə ilə çıxış edərək “Coğrafiya və təbii resurslar” jurnalının növbəti – 2-ci nömrəsinin çapa hazırlığının vəziyyəti barəsində məlumat verib, bildirib ki, bu günədək redaksiyaya 70 məqalə təqdim edilib ki, onların da hər birinə rəy verildikdən sonra məqalələr seçilib çapa təqdim olunacaqdır.
Elmi şurada baxılan sonuncu məsələ Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsinin müdiri vəzifəsini tutmaq üçün elan edilmiş müsabiqənin iştirakçısı həmin şöbənin müdiri vəzifəsini icra edən, institutun aparıcı elmi işçisi, c.e.d. Yelena Tağıyevanın müraciət ərizəsi olub. Yelena Tağıyeva Şura üzvləri tərəfindən yekdilliklə Paleocoğrafiya şöbəsinin müdiri vəzifəsinə seçilib və müvafiq qurum qarşısında vəsatət qaldırılması barədə gizli səsvermə yolu ilə qərar qəbul edilib.
İclasda baxılan məsələlər ətrafında geniş müzakirələr aparılıb, münasibət bildirilib və müvafiq qərarlar qəbul edilib.