Aprelin 27-də AR Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə “Gənclərin turizm bacarığının formalaşmasında coğrafi biliklərin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri keçirməkdə əsas məqsəd regionlarda turizmin inkişafı ilə bağlı gənc nəsildə səyahətə, gəzinti və ekskursiya yay-turizminə olan marağı artırmaqdır.
Dəyirmi masada Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbəri və digər nümayəndələri, Coğrafiya İnstitutunun alim və mütəxəssisləri, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin əməkdaşları, orta ümumtəhsil məktəblərinin coğrafiya müəllimləri, KİV nümayəndələri və s. iştirak ediblər.
Tədbirin aparıcısı, Cİ-nin Turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani iştirakçıları salamlayaraq gündəlikdə duran məsələlərlə tanış edib. “Azərbaycan regionlarının dayanıqlı inkişafında turizm təsərrüfatının əmək formalaşmasında təsiri” adlı məruzəsində şöbə müdiri qeyri-neft sahələrinin inkişafı haqqında qəbul edilən Dövlət Proqramını xüsusi qeyd edərək turizmin son illər ən çox inkişaf edən və gəlirli sahələrdən biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, son üç ayda respublikaya 120 minə yaxın turist axını olub ki, bunun da nəticəsində 2 milyard 100 min manat gəlir əldə olunub. Z.İmrani onu da qeyd edib ki, şöbə əməkdaşları Fövqəladə Hallar Nazirliyi ilə birlikdə səfər zamanı gözlənilməz, fövqəladə vəziyyətlərdə alınan coğrafi biliklər sayəsində uşaq və gənclər üçün yardımçı rolunu oynaya biləcək “Məktəbli ensiklopediyası” adlı vəsait hazırlayıb nəşr etdirmişlər.
Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, c.ü.f.d., dosent Nəriman Paşayev “Azərbaycanda turizmin müasir inkişaf problemləri” mövzusunda məruzə ilə çıxış edərək turizmin inkişafına təsir edən müsbət və mənfi amillərdən danışıb. Coğrafiya İnstitutunda turizmin inkişafı istiqamətində tədqiqatlar apardığını vurğulayan məruzəçi dövlət Başçısı İlham Əliyevin ölkəmizdə bu sahəyə xüsusi diqqət ayırdığını diqqətə çatdırıb. Belə ki, son 2 ildə turizmin inkişafına 5 milyondan artıq vəsait ayrılıb, hər il 20-30 müasir tipli mehmanxana istifadəyə verilir.
Sonra Cİ-nin aparıcı elmi işçisi, c.ü.f.d., dosent Günəş Ağakişiyeva “Turizmin davamlı inkişaf problemləri” başlığı altında turizmin növləri, funksiyaları, spesifik xüsusiyyətləri və s. haqda məruzə edib. Cİ-nin böyük elmi işçisi, c.ü.f.d. Etibar Bədəlov elmlə təhsilin vəhdəti istiqamətində məktəblilərlə keçirdiyi görüşlərdən söhbət açıb, vətəni tanımaq və sevmək üçün ekskursiyaların, səfərlərin təşkilindən, bu məqsədlə də uşaq və gənclərin coğrafi biliklərə yiyələnməsinin vacibliyindən danışıb.
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə “Uşaq-gənclərin turizminin inkişafında müasir tələblər və yanaşmalar” mövzusunda təqdimatla çıxış edərək görülən işlər barədə geniş məlumat verib. BDU-nun coğrafiya fakültəsinin müəllimi, c.ü.f.d. Vüqar Dərgahov, Respublika Gənc Turistlər və Diyarşunaslıq Mərkəzinin əməkdaşı Alik Məmmədov, 5 saylı orta məktəbin coğrafiya müəllimi Nənəxanım Mədətova, BDU-nun coğrafiya fakültəsinin tələbəsi Leyla Hüseynova və başqaları da maraqlı təqdimatlarla çıxış ediblər. Onlar turizmin inkişafı, ölkəmizin ərazisinin, təbiətinin və mədəniyyətinin uşaqlara və gənclərə tanıdılmasında və ona doğma münasibətin aşılanmasında coğrafiya fənninin və coğrafi bilgilərin rolundan danışıblar.
Təhsil Nazirliyinin informasiya şöbəsinin koordinatoru Elçin Sərdarov məruzəsində 160 saylı məktəbdə və digər təhsil ocaqlarında Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun coğrafiya mövzusunda məktəblilər üçün keçirdiyi maraqlı ustad dərsləri qeyd edib.
Görüşün sonunda Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin müdir müavini Səlimə Allahverdiyeva tədbirdən razılığını bildirərək, belə görüşlərin, forumların tez-tez keçiriləcəyinin vacib olduğunu nəzərə çarpdırıb.