H.Əliyev xatirələrdə 2015-05-11 21:08:00 / MÜHÜM HADİSƏLƏR
ULU ÖNDƏR   ÖZ  XARİZMATİKLİYİ   İLƏ   RUSİYALI
SİYASƏTÇİLƏRİN  DƏ  XATİRƏLƏRİNDƏDİR

Azərbaycanı dünya arenasında qüdrətli bir dövlət kimi tanıdan, ömrünü, həyatını respublikamızın inkişafına və çiçəklənməsinə həsr edən Heydər Əliyev xalqımızın tarixi şəxsiyyəti kimi daim yaddaşlarda yaşayacaq.  Xalqı, milləti azadlığa, dövləti istiqlaliyyətə qovuşduran, uzaqgörənliyi, fədakarlığı, insanlara məhəbbəti ilə  seçilən Heydər Əliyev doğma vətəninin dünyanın ən nüfuzlu, dinamik inkişafda olan dövlətlər sırasına yüksəlməsi üçün daim çalışdı, siyasi iradə nümayiş etdirdi. Əlbəttə, Azərbaycanın bugünkü inkişaf göstəriciləri ulu öndər Heydər Əliyevin uzaqgörən siyasi təfəkkürünün bəhrəsidir ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bəri başdan qeyd edək ki, Heydər Əliyev  hələ Sov. İKP MK-ya  dəvət edilərkən artıq Azərbaycan demək olar ki, qüdrətli iqtisadiyyatı olan bir respublikaya çevrilmişdi. 1982-ci ildə Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi məsul vəzifəyə irəli çəkildikdən sonra ümummilli liderin millətinə, Vətəninə, torpağına hədsiz məhəbbət və sevgisi onu Azərbaycandan ayrı salmadı, respublikanın inkişafı həmişə diqqət mərkəzində qaldı. Heydər Əliyevin güclü idarəçilik qabiliyyəti Moskvada da özünü göstərdi.

Sevinməmək olarmı ki, bu gün Azərbaycan dünyanın  ən sürətlə inkişaf etmiş ölkələrini belə qabaqlayır, diqqət mərkəzində olan Birinci Avropa Oyunlarına ev sahibliyi edir?! Yalnız bugünkü inkişaf göstəricilərimizə görə ümummilli liderin ruhuna borcluyuq. Bunu söyləməyə kifayət edəcək qədər faktlar mövcuddur. Onlardan bəzilərini xatırlamaq yerinə düşərdi.

2014-cü ilin fevral ayında Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində "İpək yolu iqtisadi zonası və onun ekoloji problemləri" mövzusunda keçirilən beynəlxalq konfransa dəvət olunmuşdum. Konfrans başlamazdan əvvəl Rusiya Federasiya Şurasının Buryatiyadan senatoru, dostum, Rusiya Elmlər Akademiyasının akademiki  Arnold Kirilloviç Tuloxonovla görüşdük. Elmi işlərimiz barədə söhbətdən sonra mövzu həmin ilin sentyabr ayında AMEA-nın Coğrafiya İnstitutunun ev sahibliyi ilə Beynəlxalq Elmlər Akademiyasının Coğrafiya üzrə Elmi Şurasının Bakıda keçiriləcək sessiyasının və konfransının üzərinə gəldi. A.Tuloxonov  bildirdi ki, Bakıya sürprizlə gələcəyəm.

O, hiss etdi ki, rahat ola bilmirəm və birdən gözləmədiyim halda dedi:

-Elə bilirsiniz Heydər Əliyevi təkcə siz azərbaycanlılar sevirsiniz? O, bizə də doğma insandır. Mən özüm də Heydər Əliyevin pərəstişkarlarındanam.

Alim dostumuz  Heydər Əliyevin  o zamanlar BAM-a gəlməsi və orada keçirdiyi görüşlər barədə xeyli material topladığını və sentyabr ayında Bakıya gətirəcəyini sevinc hissləri ilə söylədi. O, eyni zamanda həmin görüşlərin iştirakçısı olduğunu və elə o vaxtdan  ulu öndərə    sözün əsl mənasında pərəstiş etdiyini vurğuladı: "Əlbəttə, mən çox rəhbərlər, siyasi büro üzvləri görmüşdüm, onların görüşlərində və keçirdiyi tədbirlərdə iştirak etmişdim, ancaq beləsini, yəni böyük enerjili, müzakirə etdiyi mövzunu peşəkarcasına bilən və qərar qəbul etməkdə cəsarətli olanını görməmişdim."

O, ümummilli liderimizin qərar qəbul etməkdə cəsarətli olduğunu iki faktla təsdiq etdi: "1974-cü ildə BAM-ın tikintisi başlayanda İttifaqın tərkibindəki müttəfiq respublikalar dəmir yolu boyunca bir stansiyanın tikilməsini öhdəlik götürmüşdü. O zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə "Azərbaycan Komsomolu" adlanan, 27 nəfərdən ibarət inşaat qrupu BAM-a yola salınmışdı və onlar Ulkən stansiyası və eyniadlı şəhər tipli qəsəbəni tikmişdilər. Ancaq, tikinti üçün hər şeyə qabil və nizamlı olan bu dəstə dağılmaq istəmirdi, onlar BAM magistralı üzərində yerləşəcək Anqoy stansiyasını da tikmək istəyirdilər. Bunun üçün isə kimsə qərar verməli idi. Heydər Əliyevin BAM-a gəlişi zamanı tikinti qrupu  müraciət etdi. Heydər Əliyev isə Moskva ilə müzakirə etmədən, oradaca buna razılıq verdi. Beləliklə, Azərbaycandan olan qrup daha bir stansiyanı və şəhər tipli qəsəbəni, Azərbaycan memarlığı əsasında, öz ölkəsindən gətirilmiş tikinti materialları (travertin, aqlay və s.) ilə tikdi, ona milli ornamentli naxışlar vuruldu."

A.Tuloxonovun məlumatına görə, həmin qəsəbənin 800 nəfərə qədər sakini var, onların təxminən 40 faizi azərbaycanlılardan ibarətdir. Akademik 2008-ci ildəki əlamətdar hadisədən də, yəni Anqoy stansiyasına Heydər Əliyevin adının verildiyindən,  özünün orada iştirakından da danışdı. 

Digər məqam isə BAM yolundakı Şimali-Muyskiy tunelinin tikilməsi ilə əlaqədardır:  "Həmin hissədə yolsalanlar yeraltı çay ilə rastlaşmışdılar və 10 il idi bu hissəni keçə bilmirdilər, bütün magistralın taleyi şübhə altında idi. Alternativ kimi, Heydər Əliyevə məxsus "Dolayı Yol" təşəbbüsü ciddi  və riskli idi. Ona görə ki, bu marşrutda dəmiryol polotnolarının hündürlüklərinin fərqi 18  metrə çatırdı. Yolun çəkilişi zamanı bu variantın yararsızlığı müəyyən olsaydı, bütün günahı layihə rəhbərinin üzərinə qoyacaqdılar. Ancaq, burada da Heydər Əliyev qalib çıxdı."

Daha maraqlı məqamlardan biri Heydər Əliyevin 1984-cü ilin iyun ayında Vitim stansiyasına gəlişi zamanı baş verib. Ümummilli lider Severbaykalsk və Severmuyskdan sonra vertolyotla Vitimə gəlir, ona yol salan kompleksin necə işlədiyini göstərirlər. Birdən yolsalanlar qrupunun rəhbəri Aleksandr Bondır öz dəmir kaskasını və külüngünü təqdim edir və deyir ki, Heydər Əliyeviç, "qızıl dayağı" (Zolotoy Kostıl) siz vuracaqsınız. O isə zarafatla söyləyir ki, bu nə ağır külüngdür? Hamı onun kostyumunun çirklənməsindən narahat olur. Heydər Əliyev inamla külüngü vurur. Sonra Bondırdan soruşur ki, sizə daha nə lazımdır? Bondır cəsarətlə 5 "Volqa" minik maşın"ı - deyir. Cəmi iki aydan sonra 5 "Volqa" onlara çatdırılır.

Moskvada aspirant olduğum dövrdə elmi rəhbərim akademik R.V.Ozmidov bir dəfə gülümsəyərək mənə dedi: "Bilirsənmi uzun müddətdir SSRİ AAK-nın ekspert şurasının sədriyəm və bu müddətdə bizi kurasiya edən müxtəlif rəhbər işçilər ilə görüşümüz olub? Ancaq onların içərisində mənim üçün ən yaddaqalanı Heydər Əlirza oğlu ilə dünənki görüş oldu. O bizimlə elə danışırdı ki, elə bil 10 ildir AAK-ın işçisidir, çox professional və səmimi söhbət alındı."

Bu etiraf, əlbəttə, məndə bir azərbaycanlı kimi qürur yaratmaya bilməzdi.

Ümummilli liderlə əlaqədar özümün də Moskva xatirələrim az  deyil.  Dissertasiya işimi aspirantura müddətimin qurtarmasına üç ay qalmış müdafiə etmişdim. Açığını deyim ki, o zamankı hər bir gənc alim kimi, mən də Moskvada qalmaq istəyirdim. Bizim bölmənin akademik katibi akademik L.M.Brexovskix Moskva şəhəri İcraiyyə Komitəsinin sədri Promıslova Moskvada qeydə alınmağa icazə verməsi haqda məktub yazmış və hətta, məni tərifləmişdi. Məktuba müsbət cavab gəlmişdi, müvəqqəti qeydiyyat ilə kooperativ ev növbəsinə götürülməyimə icazə verilmişdi. Bu məqamda Moskvada Sütunlu salonda Heydər Əliyevin Azərbaycandan olan tələbə və aspirantlarla görüşünə dəvət olundum. Həmin görüş mənim həyatımda dönüş yaratdı. Bu dahi şəxsiyyətin vətən haqqında qayğıları, Moskvada oxuyanlara Azərbaycanda nə qədər ehtiyac olduğunu, bizi niyə bura göndərmələri barədə söylədikləri fikrimi dəyişdi, Bakıya gəldim və fikirləşirəm ki, ulu öndərin tövsiyələri daha doğru imiş.

Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərinin böyüklüyü bir də onda olmuşdur ki, bu dahi şəxsiyyət xalqımızın birliyi, dövlətimizin möhkəmliyi uğrunda yorulmadan çalışmışdı.

1969-1982-ci illərdə respublikaya rəhbərlik edərkən həmişə Azərbaycanın gələcəyini düşünmüş, xalqının və respublikanın inkişafı yolunda çoxcəhətli səylərini əsirgəməmiş, bu yolda qarşıya çıxan çətinlikləri dəf etmişdir.

Təsadüfi deyildir ki, Qərbin analitik mərkəzləri Heydər Əliyevi sovet dövlətinin yeni parlayan ulduzuna bənzədirdilər. Postsovet məkanında bir çox ictimai-siyasi və dövlət xadimləri, eləcə də sadə insanlar, ziyalılar Heydər Əliyevin gördüyü işlər barədə minnətdarlıqla söhbət açırdılar.

Ümummilli liderin fəaliyyəti təkcə quruculuq işlərinin həyata keçirilməsi ilə bağlı olmamış, böyük siyasətçi və islahatçı sovet sistemində ideoloji sahədə, idarəçiliyin təkmilləşdirilməsi istiqamətində əsaslı islahatlar aparılmasının zəruri olduğunu cəsarətlə deyir və təkliflər irəli sürürdü.

Qətiyyətlə deyə bilərik ki, Heydər Əliyevin şəxsiyyəti SSRİ-nin çərçivəsinə sığışmırdı. Onun siyasi istedadı, fitri qabiliyyəti və güclü təşkilatçılığı çoxlarını heyran qoyurdu.

Ramiz MƏMMƏDOV,

akademik

 "Azəbaycan" qəzeti, 9 may 2015-ci il