2015-ci il, aprelin 8-də Azərbaycan Coğrafiya Cəmiyyəti və AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun birgə təşəbbüsü və təşkilatçılığı ilə “Coğrafiya və təbii resurslar” elmi-metodiki jurnalının təqdimat mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti və AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov ölkənin coğrafiyası və təbii resurslarına, ekologiyasına aid çoxlu sayda kitab və monoqrafiyalar, minlərlə məqalələrin yazılmasına baxmayaraq, Azərbaycanda coğrafiyaçı alim və mütəxəssislərin özlərinin indiyə qədər dövri mətbuat orqanının olmadığını diqqətə çatdırdı. Bildirdi ki, hazırda iqtisadiyyatın və sosial həyatın elə bir sahəsi yoxdur ki, coğrafi məlumatlara ehtiyac duyulmasın və coğrafiya elminin nailiyyətlərindən istifadə edilməsin. Ona görə də Azərbaycanın coğrafiya və ona yaxın elm sahələrində çalışan alim və mütəxəssislərin ən yeni elmi nailiyyətlərini özündə əks etdirən bu jurnalın işıq üzü görməsini ciddi addım hesab edir.
Akademik R.Məmmədov coğrafiyaçıları birləşdirən qurum olacaq jurnalın redaksiya heyətinə respublikamızın alimləri, tədqiqatçı və pedaqoqları ilə yanaşı, gələcəkdə görkəmli xarici ölkə alimlərinin də cəlb ediləcəyini nəzərə çapdırdı. R.Məmmədov eyni zamanda ilk nömrədə olan bəzi nöqsanları da xüsusi olaraq nəzərə çarpdırdı, dərginin daha yüksək səviyyədə buraxılması üçün coğrafiyaçı alim və mütəxəssislərin fəal iştirakının vacibliyini və gələcəkdə jurnalın elektron variantının da yaradılacağını qeyd etdi.
Sonra ACC-nin elmi katibi, c.e.ü.f.d. Mirnuh İsmayılov məruzə ilə çıxış edərək AMEA-nın Yer elmləri bölməsinin qərarı ilə işıq üzü görən “Coğrafiya və təbii resurslar” jurnalının ilk buraxılışının redaksiya heyəti, tərtibatı, nəşr edilmiş məqalələr və onlara qoyulan tələblər və s. haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. O dedi ki, 130 səhifədən, 10 bölmə, 22 məqalədən ibarət jurnalın birinci nömrəsinə Coğrafiya İnstitutu, BDU, Naxçıvan Dövlət Universitetindən olan müəlliflərin məqalələri daxil edilmişdir.
Coğrafiya İnstitutunun elmi işlər üzrə müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə öz çıxışında oxucu auditoriyasını genişləndirmək, elmiliyinə xələl gətirməmək şərtilə, jurnalın kütləviliyini artırmaq məqsədilə görkəmli coğrafiyaçı alimlər haqqında materiallara, coğrafiyanın təhsil, metodika hissələrinə, Azərbaycanın təbiətinə aid yüksək səviyyəli fotoşəkillərə və sairlərə də dərgidə yer ayrılmasını məqsədəuyğun hesab etdi.
BDU-nun coğrafiya fakultəsinin dekanı, c.e.d., professor Fərda İmanov, AMEA Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunun direktoru, c.e.d., professor Rza Mahmudov, BDU-nun İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Tapdıq Həsənov, BDU-nun Geodeziya və kartoqrafiya kafedrasınin müdiri, t.e.d., professor Məqsəd Qocamanov, ADPU-nun coğrafiya fakültəsinin dekanı, c.ü.f.d. Mətanət Əsgərova, Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, a.ü.f.d. Ənvər Əliyev və b. çıxış edərək jurnalın həyata gəlməsində akademik Ramiz Məmmədovun böyük rolunu və əməyini xüsusi qeyd etdilər. Bildirdilər ki, coğrafiyaçılar ailəsini özündə birləşdirən, nəşrini çoxdan gözlədikləri “Coğrafiya və təbii resurslar” elmi-metodiki jurnalının nəşri Azərbaycan alimlərinin əldə etdiyi uğurların ölkə daxilində və ölkədən kənar alim və mütəxəssislər arasında yayılmasına, eləcə də elmi əlaqələrin güclənməsinə kömək edəcək.
Tədbirin sonunda akademik Ramiz Məmmədov illərlə arzusunda olduğu bu jurnalın həyata vəsiqə almasına hədsiz sevincini dilə gətirdi və bütün coğrafiyaçılar ailəsini bu əlamətdar hadisə münasibəti ilə dönə-dönə təbrik etdi, elmin inkişafı naminə hamıya uğurlar arzu etdi.