Ramiz müəllimin yubileyi 2015-02-05 10:32:00 / MÜHÜM HADİSƏLƏR

Fevralın 3-də AMEA akad. H.Əliyev adına Coğrafiya İnstitutunun kollektivi İnstitutun direktoru - görkəmli   alim,  akademik Ramiz Məmmədovun anadan olmasının 65, elmi fəaliyyətinin 45 illik yubileyini qeyd etmək üçün Elmi Şuranın xüsusi iclasına yığışdılar.

Bura həm də əlaqədar institut və müəssisələrdən qonaqlar da gəlmişdi.

İclasa sədrlik edən Coğrafiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə iştirakçıları salamladıqdan sonra bugünkü yubiley iclasının digərlərinə oxşamadığını, tədbirin yenilik tərəfdarı olan səbəbkarın ənənədən kənara çıxaraq özünün “Tamamlanmamış yekunlar”  adı altında keçirəcəyi təqdimatla başlayacağını elan etdi.

Alimin həyat yolunu təvazökarlıqla  əks etdirən, fotoşəkil, diaqram, düstur və xəritələrlə zəngin və daha çox elmi hesabatı xatırladan təqdimat  iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.

Sonra E.Əlizadə  R.Məmmədovun elmi fəaliyyəti haqqında qısaca məlumat verərək bildirdi ki, 300-ə yaxın elmi məqalənin, 11 monoqrafiya , 1 coğrafi atlas  və 20-ə qədər beynəlxalq elmi layihənin müəllifi olan akademik, texnika elmləri doktoru, profes­sor Ramiz   Məmmədov Azərbaycanda və beynəl­xalq miqyasda Xəzər dənizinin öyrənilməsi üzrə tanınmış alim­dir. Onun çoxcəhətli tədqiqatları coğrafiya elminin müxtəlif  istiqamətlərini:  Xəzər dənizi, okeanologiya, ekologiya, səhralaşma, landşaft planlaşdırılması və s. sahələri əhatə edir.  R.Məmmədov elmin ən aktual və çətin problemləri ilə məşğul olmuş, sonrakı fəaliyyətində də bu ənənəni davam etdirmişdir.  Kür-Araz hövzəsinin transsərhəd su problemləri, ətraf mühitin mühafizəsi də alimin əsas tədqiqat istiqamət­lərindəndir.  30-dan çox xarici ölkədə elmin aktual  sahələri üzrə etdiyi  məruzələri beynəlxalq miqyasda Azərbaycan coğrafiya  elminin nüfuzunu artırmışdır.

Direktor müavini Ramiz Məmmədovun  bir rəhbər kimi innovativ və təşəbbüskar  xarakterə malik olduğunu bildirərək, onun  İnstitutda müasir informasiya kommunikasiya  texnologiyalarının geniş miqyasda tətbiqinə nail olmasından, əməkdaşların müasir texnologiya vasitələri ilə işləməsini qismən həyata keçirməsindən,   elmi-tədqiqat işlərində coğrafi informasiya sistemlərinin (GİS) tətbiqinə üstünlük verməsindən, çöl-tədqiqat işlərinin müəyyən qədər bərpa olunmasından, İnstitut əməkdaşlarının müxtəlif səviyyəli  qrant layihələrində iştirakına və bununla da onların maddi rifah halının xeyli yüksəlməsinə nail olmasından söhbət açdı.

BDU-nun professoru, c.e.d. Neron Babaxanov  öz çıxışında R.Məmmədovla birlikdə ekspedisiyada iştirak edərkən onu coğrafiyaçı-tədqiqatçı alim kimi yenidən kəşf etdiyini  və Atlantik və Sakit okeanlarda elmi tədqiqatların  iştirakçısı olmaqla, dənizləri öyrənən azərbaycanlı bir alim kimi birinci hesab etdiyini bildirdi.

BDU-nun iqtisadi və sosial coğrafiya kafedrasının müdiri, c.e.d., professor  Tapdıq Həsənov Ramiz müəllimin həyat yolunun gənc coğrafiyaçılar  üçün örnək olduğunu, elmin daşlı-kəsəkli yollarından keçib coğrafiyanın ən yüksək zirvəsinə çatan alimdən çox  şey öyrənməyin mümkünlüyünü  söylədi.

Geologiya və Geofizika İnstitutunun direktor müavini, gm.e.d. Dadaş Hüseynov, həmin İnstitutun şöbə müdiri, akademik Hətəm Quliyev, Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin dekanı, c.e.d., professor Fərda İmanov və başqaları çıxış edərək akademik R.Məmmədovun sadəlik, təvazökarlıq, qayğıkeşlik  kimi insani keyfiyyətlərindən, elmi-texniki potensialından, bir rəhbər kimi müsbət cəhətlərindən söhbət açdılar, yubilyara öz xoş arzularını bildirdilər.