Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında “Azərbaycan Respublikasının Milli Atlası” və “Cənubi Qafqaz. 1903-cü il” xəritələrinin təqdimat mərasimi keçirilib.
Tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq milli atlas haqqında məlumat verib. O, “Azərbaycan Respublikasının Milli Atlası”nı indiyədək çap edilən ən mükəmməl mənbələrdən biri kimi qiymətləndirərək, atlasın Azərbaycanı dünyada tanıtmaq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
19 bölmə, 444 səhifə, 1000-ə yaxın xəritə, diaqram, cədvəl, izahedici mətn və digər məlumatlardan ibarət olan atlasın məzmunu ölkəmizin iqtisadiyyat və sosial-mədəni sahələrini əhatə edir.
DTXK ilə birgə təşkil olunan tədbirdə komitənin sədri, AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədov “Azərbaycan Respublikasının Milli Atlası” məxsusi kartoqrafik əsərdir”, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov “Azərbaycan dövlətçilik tarixinin mühüm hadisəsi” mövzusunda məruzələrlə çıxış etmişlər.
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov öz çıxışında Milli Atlasın hazırlanmasında əməyi olan AMEA və onun elmi-tədqiqat institutlarının rolunu xüsusi qeyd etdi. Bildirdi ki, Atlas hər şeydən əvvəl informasiya mənbəyi, eyni zamanda tarixi sənəddir. Onu həm də dövlət atributu da adlandırmaq olar. Atlasdakı qiymətli elmi məlumatlar, bütün mütəxəssislərin gərgin əməyinin nəticəsidir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən hazırlanmış Atlas Azərbaycanın coğrafi şəraiti, relyefi, bitki örtüyü, heyvanat aləmi, tarixi, mədəniyyəti, təhsili və s. sahələrini əhatə etməklə, ölkənin təbii şəraiti, əhalisi, iqtisadiyyatı, ekologiyası, tarixi, mədəniyyəti, elm və təhsili haqqında dolğun təsəvvür yaradır.
Akademik dedi ki, indiyədək tədris müəssisələri və digər yerlərdə 1963-cü ildə Coğrafiya İnstitutu tərəfindən tərtib olunan “Azərbaycanın coğrafiya Atlası” istifadə olunub. Təqdimatını keçirdiyimiz “Azərbaycanın Milli Atlası”na Coğrafiya İnstitutu əməkdaşları tərəfindən hazırlanmış 169 xəritə, şəxsən özünün hazırladığı Xəzər Dənizinin 30 xəritəsi daxildir.
Çıxışının sonunda R.Məmmədov bu tədbir münasibətilə hamını təbrik etdi və Azərbaycan elminin gələcək inkişafı yolunda böyük uğurlar arzuladı.