Yer Elmləri Bölməsi və Coğrafiya İnstitutunun birgə iclası 2014-12-26 22:53:00 / ELMİ İCLASLAR

2014-cü il dekabrın 25-də AMEA-nın Yer Elmləri Bölməsi və Coğrafiya İnstitutunun birgə iclasında “Coğrafiya İnstitutunun  2014-cü ildə elmi və elmi-təşkilati fəaliyyəti  haqqında”  illik hesabat iclası  keçirildi.

     İclasda AMEA  YEB-in akademik-katibi, AMEA-nın həqiqi üzvü Fəxrəddin Qədirov, bölmə institutlarının rəhbərləri,  ən mühüm elmi nəticələrin icraçıları,  əlaqədar təşkilatların nümayəndələri  və s.  iştirak edirdilər.

    AMEA akademik H.Ə.Əliyev adınaCoğrafiya İnstitutunun direktoru,  akademik Ramiz Məmmədov institutun fəaliyyəti barədə hesabatla çıxış etdi və bildirdi  ki, 2014-cü ildə   2 problem: 1. Azərbaycan təbiətinin inkişaf qanunauyğunluqlarının; təbii ehtiyatların və onların ekocoğrafi xüsusiyyətlərinin tədqiqi; istehsalın, sosial infrastrukturun və əhalinin ərazi təşkilinin iqtisadi-coğrafi  və siyasi problemləri, 2. Xəzər dənizi ekosisteminin kompleks tədqiqi üzrə elmi-tədqiqat işləri aparılmış, mühüm nəticələr əldə olunmuşdur. 2014-cü ildə elmi-tədqiqat planına əsasən yerinə yetirilmiş işlər artıq bir sıra nazirlik və təşkilatlar tərəfindən tətbiq üçün istifadə oluna bilər.

         İnstitut  əməkdaşları tərəfindən 4 qrant layihəsi çərçivəsində aparılan işlər başa çatdırılmış və 5 yeni qrant layihəsi udulmuşdur.

   225 elmi əsər çapa təqdim edilmişdir ki, onlardan 142-si dərc olunmuşdur (2 monoqrafiya, 1 kitab, 137 elmi məqalə, o cümlədən 68 xaricdə, 2 dərslik və 9 dərs vəsaiti). Məqalələrdən 22-si İmpakt Faktorlu jurnallarda nəşr edilmişdir.  Bundan başqa, cari ildə 2 monoqrafiya və 83 elmi məqalə çapa təqdim olunmuşdur. Bu il Azərbaycanın Milli Atlası nəşr edilmişdir ki, oradakı 180-ə  yaxın xəritə institut əməkdaşları tərəfindən hazırlanmış,  digərləri isə redaktə olunmuşdur.

      İnstitutun fəaliyyətini əks etdirən məlumat kitabçası 3 dildə - Azərbaycan, rus, ingilis dillərində işlənib hazırlanmış, ingilis variantı nəşr edilmişdir.

     2014-cü ildə Coğrafiya İnstitutu 2 beynəlxalq, 1 respublika miqyaslı  konfransın və  2 yubileyin təşkilatçısı olmuşdur. İnstitut əməkdaşları  xaricdə keçirilən bir sıra beynəlxalq miqyaslı konfrans, seminar və sessiyalarda iştirak etmişlər. Bu il 2 nəfər AMEA-nın müxbir, 1 nəfər həqiqi üzvü seçilmişdir. 10 gənc mütəxəssis Beynəlxalq treninqlərə göndərilmiş, qazandıqları bacarıq və bilikləri təsdiqləyən lisenziyalarla geri dönmüşlər.

    R.Məmmədov  İnstitutun  fəaliyyətindən danışarkən hesabat ilində  keçirilmiş 40-a yaxın elmi seminarın, Koordinasiya Şurasının, Gənc Alim və Mütəxəssislər Şurasının, Dissertasiya Şurasının  fəaliyyətindən də söz açdı.

        Çıxışının sonunda akademik aşağıda göstərilən   təklifləri  də irəli sürdü:

    İstedadlı gəncləri işə götürmək üçün laborant, mühəndis ştatlarının artırılmasının məqsədəuyğunluğu, Cİ-nin Şamaxıdakı Pirqulu stasionarı binasının təmirə ehtiyacı olması, İnstitut əməkdaşlarının hazırladığı 3 cildlik “Azərbaycan coğrafiyası” kitabının nəşrinə maliyyə köməkliyi, əldə olunan  texniki avadanlıqlardan səmərəli istifadə üçün öncə İnstituta  məxsus olan və indi istifadəsiz qalan otaqların qaytarılmasının mümkünlüyü.

       Sonra BDU-nun coğrafiya fakultəsinin dekanı, c.e.d., professor  Fərda İmanov çıxış edərək Milli Atlasdakı bəzi xəritələrin yenilənməsi, iqtisadi  coğrafiya sahəsindəki işlərin güclənməsinə ehtiyacın olması, su problemlərinə diqqətin artırılması, təşkilatlararası inteqrasiya, koordinasiya, elmi tədqiqatların   aparılmasında BDU ilə Coğrafiya İnstitutunun müştərək  işi və s. məsələlərə toxundu və hesabatı müsbət qiymətləndirdi.

       Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunun direktoru, c.e.d., professor Rza Mahmudov Coğrafiya İnstitutunda baş verən müsbət dinamikanı qeyd etdi, respublika üçün vacib məsələlərdən olan qlobal iqlim dəyişmələri və su çatışmazlıqı  problemlərinin  həllinə  kompleks  elmi-tədqiqat işləri istiqamətində baxmağın lazım olduğunu göstərdi.

      AR Prezidenti yanında SAM-ın Daxili siyasətin təhlili şöbəsinin elmi  işçisi Araz Qurbanov SAM-la Cİ arasındakı qarşılıqlı müsbət iş birliyindən danışdı və  bu əlaqələrin AMEA-nın digər əlaqədar təşkilatlara nümunə ola biləcəyini arzuladı.

    BDU-nun “İqtisadi və sosial coğrafiya” kafedrasının müdiri, coğrafiya elmləri doktoru, professor  Tapdıq Həsənov çıxışında qeyd etdi ki,  akademik R.Məmmədov geniş əhatəli, təhlil xarakterli məruzəsi ilə ayrı-ayrı regionların  və orada olan problemlərin analizini verdi ki, bu da ölkə miqyasında   sintez xarakterli tədqiqat aparmaq üçün bir model rolunu oynaya bilər.

        Cİ-nin baş elmi işçisi, AMEA-nın müxbir üzvü, f.-r.elmləri doktoru Rauf Qardaşov dedi ki, AMEA sistemində tətbiq olunan islahatlar Coğrafiya İnstitutunda bariz şəkildə  öz əksini tapmışdır. O, institutun builki hesabatını son 7 ildə ən yaxşı hesabat adlandıraraq, bunu elmi işçilərin qiymətləndirmə sisteminin tətbiqi ilə əlaqələndirdi. Elmimizin inkişafı üçün mükafatlandırma sisteminin əhəmiyyətli rolunu qeyd  edərək  onun  daha da  inkişaf etdirilməsinin vacibliyini, eləcə də bu sistemin qrantlara, digər beynəlxalq proqram və layihələrə şamil edilməsini də məqsədəuyğun hesab etdi.

       YEB-in akademik-katibi, akademik  Fəxrəddin Qədirov iclasa yekun vuraraq   Coğrafiya İnstitutunun  illik  hesabatını  müsbət  qiymətləndirdi. O, xüsusilə İnstitutda əldə edilmiş mühüm elmi nəticələrin əhəmiyyətindən danışdı, eyni zamanda İnstitutda aparılan elmi-tədqiqat işlərinin keyfiyyətini daha da yüksəltmək üçün direktorun irəli sürdüyü təkliflərin məqbul olduğunu qeyd etdi. O, bu təkliflərin tezliklə Yer Elmləri Bölməsinin bürosunda müzakirəyə çıxara biləcəyini də vurğuladı.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024