Coğrafiya İnstitutunun əməkdaşları – elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə, coğrafiya üzrə fəlsəfə doktorları Sevil Quliyeva və İrina Kuçinskaya sentyabrın 25-dən 27-dək Qazaxıstanın Astana şəhərində ezamiyyətdə olublar.
Bütün Orta Asiya ölkələri, Çin, Azərbaycan, Rusiya, Monqolustan, Belarus və Ukraynadan olan 120-dən artıq aparıcı mütəxəssisi özündə birləşdirən “Mərkəzi Asiyanın səhralaşması: qiymətləndirmə, proqnoz, idarəetmə” 1 Beynəlxalq elmi-praktiki konfrans Qazaxıstan Milli Coğrafiya Cəmiyyəti, Coğrafiya İnstitutu və BMT-nin İnkişaf Proqramının himayəsi və birgə iştirakı ilə təşkil olunmuşdu.
Konfransda təbii ehtiyatların qorunması və effektiv istifadəsi, iqlim dəyişmələri və antropogen yüklənmələrin güclənməsi şəraitində səhralaşma proseslərinin proqnozlaşdırılması və idarə olunması, ətraf mühitin mühafizəsi və davamlı inkişafı məqsədilə profilaktik tədbirlərin qiymətləndirilməsi məsələləri müzakirə olunub.
Müasir landşaftların həssaslığının ekspert qiymətləndirilməsini verən A.Əlizadə “İqlim dəyişkənliyi və antropogen yüklənmələrin güclənməsi şəraitində Azərbaycanda səhralaşma proseslərinin inkişafı tendensiyası” adlı məruzə ilə çıxış edib. O, eyni zamanda, Qazaxıstanın coğrafiya üzrə fəlsəfə doktoru F.Akiyanova ilə birgə “Səhralaşma: nəzəri aspektlər, iqlim dəyişikliyi və antropogen yüklənmələr şəraitində qiymətləndirmə və idarəetmə” bölməsinin moderatoru idi. Bölmədə səhralaşma proseslərinin yerüstü, kosmik monitorinqi və quraqlığın yaranması, müxtəlif ekosistemlərdə səhralaşma prosesləri, səhralaşmada iqlim, texnogen və demoqrafik proseslərin təsiri haqda məruzələr dinlənilib.