Coğrafiya institutunun elmi seminarinda korrupsiyanin elmə təsiri müzakirə edilib 2025-04-16 11:09:00 / ELMİ İCLASLAR

Baş direktor v.i.e. coğrafiya üzrə fəlsəfə doktoru dosent Zaur İmraninin sədrliyi ilə AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarı keçirilib.

İnstitutun Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı “Korrupsiya və elmi inkişaf: çağırışlar və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. Korrupsiyanın elmi inkişafa təsirini təhlil edən məruzəçi bu sahədə mövcud çağırışlar və problemin  aradan qaldırması üçün perspektiv yolları müzakirəyə çıxarıb. 

K.Ramazanlı bildirib ki, elmi fondların və layihələrin maliyyələşdirilməsində korrupsiya halları nəticəsində resurslar əslində ehtiyacı olan və potensiallı alimlərə deyil, şəxsi əlaqələri olanlara verilir. Tədqiqat materiallarının başqasından oğurlanması, saxta jurnallarda nəşr olunan məqalələr və statistik məlumatların qəsdən manipulyasiyası – bunların hamısı elmi nəticələrin etibarlığını zədələyir. Elmi adların qeyri-qanuni yollarla əldə olunması, dissertasiya müdafiələrində qeyri-obyektivlik akademik sistemin deqradasiyasına gətirib çıxarır. Müəllimlər tərəfindən tələbələrdən rüşvət alınması, qiymətlərin artırılması və saxta diplom verilməsi təhsil sistemini və gələcək elmi kadrların keyfiyyətini ciddi şəkildə zədələyir. Ədalətsiz mühitdə çalışan alimlər motivasiyalarını itirir, yeni ideyaların formalaşması zəifləyir, beyin axını (brain drain) artır. Beynəlxalq tədqiqat fondları korrupsiyaya bulaşmış qurumlara maliyyə dəstəyi göstərməkdən çəkinir. Bu isə beynəlxalq layihələrə inteqrasiyanı məhdudlaşdırır.

K.Ramazanlı dünya ölkələrinin uğurlu təcrübə və nümunələrini əsas gətirərək korrupsiyanın qarşısını almaq üçün bir sıra perspektivlər və təkliflər irəli sürür, şəffaf idarəetmə mexanizmləri və güclü etik komitələrin yaradılmasını vacib hesab edir. Gənc tədqiqatçılar üçün imkanların genişləndirilməsini, xüsusilə gənc alimlərə qrantlar, xarici təcrübə proqramları, mentorluq və inkubasiya mərkəzləri ilə dəstək verilməsini dəstəkləyir. Elmi sahədə korrupsiya ilə mübarizədə vətəndaş cəmiyyətlərinin iştirakını, QHT-lərin rolunun artırılmasını mühüm hesab edib.

Çıxışının sonunda məruzəçi qeyd edib ki, “Korrupsiya yalnız iqtisadi resursların itməsi demək deyil,  bu həm də cəmiyyətin gələcək inkişaf potensialının məhv olması deməkdir. Elmi inkişafın dayanıqlı və keyfiyyətli olması üçün şəffaflıq, etik dəyərlər və ədalətli idarəçilik mütləq şərtlərdir. Korrupsiyanın qarşısını almaq üçün yalnız qanunvericilik kifayət deyil, həm də ictimai rəyin formalaşması, maarifləndirmə, vicdanlı elmi liderlərin yetişdirilməsi zəruridir. Elmə olan inamın bərpası və ölkənin intellektual potensialının dəyərləndirilməsi üçün bu istiqamətdə kompleks tədbirlər həyata keçirilməlidir.”

Seminar iştirakçıları böyük həvəslə bu vacib mövzunun müzakirəsinə qoşulublar, təklif və iradlarını bildiriblər.