AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Ramiz Məmmədov və İnstitutun elmi işlər üzvə direktor müavini, coğrafiya elmləri doktoru, professor Elbrus Əlizadə iyunun 15-16-da Çin Milli Elmlər Akademiyası Coğrafiya Elmləri və Təbii Resursların Tədqiqi İnstitutunda keçirilən “Yeni İpək Yolu iqtisadi zonasının ekologiya, ətraf mühit və davamlı inkişafı” beynəlxalq konfransında iştirak etmişlər.
Çinin paytaxtı Pekində keçirilən bu mötəbər konfransda Böyük İpək Yolu zonasında yerləşən ölkələrin – ÇXR, Monqolustan, Rusiya Federasiyasının bir çox quberniyaları, Pakistan, Hindistan, Nepal, Əfqanıstan, İraq, Misir, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Almaniya və digər ölkələrin elmi təşkilatlarının 60-dan çox nümayəndəsi iştirak edirdi.
Konfransın plenar iclasında Ramiz Məmmədov “Xəzər dənizində iqlim dəyişmələri və antropogen amillərin Xəzər dənizi ekosistemlərinə təsiri”, Elbrus Əlizadə isə “Azərbaycanın dağ təbii-iqtisadi geosistemlərinin davamlı inkişafı” mövzularında məruzələrlə çıxış etmişlər. Geniş müzakirələr nəticəsində BİY iqtisadi zonasına daxil olan ərazilərdə, o cümlədən Azərbaycanda, gözlənilə bilən təbii hadisə və proseslər, iqtisadi-coğrafi dəyişikliklər, yolun fəaliyyət mexanizmi haqqında fikirlər cəmləşdirilmiş və qərara alınmışdır ki, bütün problemləri daha geniş, əsaslı araşdırmaq üçün BİY iqtisadi zonası daxilində yerləşən ölkələrin alimlərindən ibarət Beynəlxalq Elmi Birlik – Alyans yaradılsın. Konfrans öz işini gələcəkdə Alyans çərçıvəsində ayrı-ayrı ölkələrdə davam etdirməyi planlaşdırmışdır.
Tədbirdə hal-hazırda bərpa olunan və bir çox layihələri həyata keçirilən Böyük İpək Yolu iqtisadi zonasının həm iqtisadi, həm ekoloji, həm də təbii ehtiyatlardan istifadə problemləri geniş müzakirə olunmuşdur. 100-ə yaxın məruzənin dinlənildiyi konfransda Böyük İpək Yolunun fəaliyyət göstərməsi mexanizmi, ölkələr və regionlar arasında yarana biləcək problemlər, BİY xəttinin cənub, mərkəz, şimal marşrutları, həmin marşrutların mövcud olduğu təbii ehtiyatlar, insan ehtiyatları, onlardan səmərəli istifadə, istifadə zamanı yarana biləcək infrastruktur problemlər, infrastrukturların yenidən qurulması ilə bağlı olan digər bütün məsələlər geniş müzakirə olunmuşdur.