AR Elm və Təhsil Nazirliyinin H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun “Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbəsinin bir qrup əməkdaşı - şöbə müdiri Mirnuh İsmayılov, aparıcı elmi işçilər – coğrafiya üzrə fəlsəfə doktorları Səidə Zeynalova və İrina Kuçinskaya, doktorant Aminə Muradova işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində 4 gün müddətində çöl tədqiqat işləri aparıblar.
“Böyük Qayıdış” Dövlət proqramına və şöbənin plan işinə uyğun olaraq ərazidə ilkin rəqəmsal landşaft-ekoloji xəritələşdirmə aparılıb. Bunun üçün sahədə təbii komplekslərin məkan strukturuna aid məlumatlar toplanıb, ərazinin ekogeokimyəvi landşaft fonunun müəyyən edilməsi məqsədilə kameral şəraitdə aparılacaq kimyəvi analizlər üçün əsasən Şərqi Zəngəzur ərazisinin müxtəlif ekosistemlərindən 50-ə yaxın torpaq, bitki və süxur nümunələri götürülüb. İşğaldan əvvəl tərtib olunmuş irimiqyaslı (1:100000) landşaft xəritələri və topoqrafik xəritələrin mövcud vəziyyəti ilə coğrafi müqayisəsi əsasında təbii və antropogen ekosistemlərin struktur-funksional xüsusiyyətlərindəki inkişaf tendensiyaları, dinamikası istiqamətində coğrafi məkan məlumatları toplanıb.
İşğaldan sonrakı dövrdə ərazilərin yenidən mənimsənilməsində elmi və praktiki əhəmiyyəti yüksək olan təbii ekosistemlərin antropogen transformasiyası və onların landşaft-ekoloji nəticələri, ekoloji riskləri, ekosistemlərin təbii ehtiyat potensialı və s. istiqamətlərdə çöl-tədqiqat işləri həyata keçirilib və tərtib olunacaq rəqəmsal xəritələrin informasiya bazası yaradılıb. Ərazidə həyata keçirilən nəhəng infrastruktur və məskunlaşma layihələrinin təbii landşaftlarla və onların təbii ehtiyat potensialına uyğunluq dərəcəsi də tədqiqatçıların diqqət mərkəzində olub.
Hazırda çöl tədqiqatları zamanı toplanmış elmi informasiyanın təhlili və ilkin nəticələrin əldə olunması istiqamətində kameral tədqiqatlar davam etdirilir.