AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin əməkdaşları Qobustan rayonu ərazisində çöl-tədqiqat işləri aparıblar.
“Qobustan rayonu torpaqlarının səhralaşması prosesinin tədqiqi və ona qarşı kompleks mübarizə tədbirləri ‟ mövzusunda tədqiqat işinin yerinə yetirilməsi məqsədini daşıyan səfər şöbə müdiri dosent İsmayıl Quliyevin rəhbərliyi, elmi işçilər Çiçək Nəsirova, Nəzakət Əzizova, Xuraman Nağıyeva, Aygün Haqverdiyeva, kiçik elmi işçilər Rauf Hüseynov, Təbərrük Fətullayeva və doktorant Günel Həsənovanın iştirakı ilə baş tutub.
Coğrafi amillər nəzərə alınmaqla ayrı-ayrı torpaq tip və yarımtiplərində baş vermiş dəyişikliklərin öyrənilməsi məqsədilə müşahidə və nümunə meydançaları daxilində 3-4 təkrarda torpaq kəsimləri qoyulub, morfoloji təsvir aparılıb, əkin və xam sahə nəzərə alınmaqla torpaq nümunələri götürülüb.
Bitki örtüyündə baş vermiş deqradasiya, son illərdə ərazidə insanın təsərrüfat fəaliyyəti nəticəsində baş vermiş dəyişikliklər, örüş və otlaqlarda antropogen yüklənmə və ilkin olaraq Cənub-Şərqi Qobustanda palçıq vulkanlarının torpaq örtüyünə təsiri səhralaşma aspektindən qiymətləndirilib.
Sözü gedən işlər çöl şəraitində Arc GİS proqram təminatı, o cümlədən Landsat 8, 9 peyk şəkilləri əsasında araşdırılıb.