AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbir iştirakçıları bir dəqiqəlik sükut və dərin ehtiramla soyqırımı qurbanlarının əziz xatirəsini yad ediblər.
İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov bildirib ki, ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, bu yolla azərbaycanlıları daimi yaşadıqları doğma torpaqlardan çıxarmaq, özgə torpaqlar hesabına öz ərazilərini böyütmək məqsədinə xidmət edib. Genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı böyük qəddarlıqla qətlə yetirilib. Bakıda 31 mart - 3 aprel tarixləri bu qanlı faciələrin ən dəhşətlisi hesab edilə bilər. Rəsmi mənbələrə görə qırğınların davam etdiyi dövrdə 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Ermənilər Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı soyqırımı aktı törədiblər.
Geoinformatika və kartoqrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Şamil Əzizov çıxış edərək Rusiya, Türkiyə və İran kimi üç böyük dövlətin arasında yerləşən Azərbaycana qarşı əsrlərlə həm işğalçılıq siyasətinin, həm kartoqrafik-toponimiya müharibəsinin aparıldığını, bu ölkələr arasında çar Rusiyasının xüsusi yeri olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, 2020-ci ilin Vətən müharibəsində əldə olunan zəfər Azərbaycan xalqının məğlubedilməzliyini və böyük daxili potensialını bütün dünyaya göstərdi. Bu gün ölkəmiz sübut etdi ki, artıq Azərbaycan heç kimə nə xalqına zülm etməyə, nə də torpaqlarının yadellilər tərəfindən mənimsənilməsinə yol verməyəcək.
Mövzu ətrafında fikirlərini bölüşən Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev, şöbə müdiri, c.ü.f.d. Mirnuh İsmayılov və digərləri zəngin təbii ehtiyatlara malik Azərbaycanın işğalçı dövlətlər tərəfindən zəbt olunması üçün mütəmadi olaraq ermənilərdən istifadə edildiyini vurğulayıblar.