Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent R.Fətəliyevin elmi məqaləsi yüksək reytinqli beynəlxalq jurnalda (Journal of Archaeological Science: Reports 2022. Vol. 45. No. 103621) dərc edilib.
“Azərbaycanın Kiçik Qafqaz bölgəsinin Kəlbəcər (Keçəldağ) obsidian mənbəyinin geoloji-geokimyəvi səciyyəsi” adlı məqalədə Azərbaycanın cənub-qərbindəki Keçaldağ obsidian mənbəyinin geoloji və geokimyəvi xarakteristikası təqdim olunur. Nümunələr ilkin mənbələrdən toplanmış və Missuri Universitetinin Tədqiqat Reaktorunda XRF üsulu ilə 12 element üzrə analiz edilmişdir.
Bu ilk dəfə olaraq əvvəllər beynəlxalq arxeologiya aləmində obsidian mənbəyi kimi az məlum olan Keçaldağın hərtərəfli geokimyəvi səciyyəsini əldə etməyə imkan verdi. Obsidianlarda olan Rb, Sr elementlərinin miqdarına görə Keçaldağ qonşu Sünik qrupundan və Kiçik Qafqazın digər mənbələrindən aydın şəkildə fərqlənir. Alınmış elmi məlumatlar Kiçik Qafqaz və qonşu regionların Paleolit, Neolit və Tunc dövründə obsidian istismarının dərindən öyrənilməsi üçün istifadə oluna bilər.