Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, texniki elmlər üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov Türkiyənin Qlobal Academiyası və Aksaray Universitetinin təşkilatçılığı ilə Makedoniyanın Tevova şəhərində keçirilən sosial elmlər, innovasiyalar və təhsil texnologiyaları üzrə 3-cü Beynəlxalq Konqresdə iştirak edib.
Alim tədbirdə “Radioaktiv tədbirlərin formalaşmasında meteoroloji və coğrafi xüsusiyyətlərin rolu” mövzusunda məruzə ilə çıxış edib.
O bildirib ki, dünyada artan təhlükəli nüvə obyektləri və onların tullantıları bu obyektlərin yerləşdiyi dövlətlərin əhalisi üçün real təhlükə yaradır. Radioaktiv çirklənmələri və ya tullantıları modelləşdirərkən tədqiq olunan ərazinin iqlim və coğrafi modellərini, eləcə də tullantıların qonşu ərazilərə və ölkələrə hopa bilən çöküntülərini nəzərə almaq vacibdir.
Radioaktiv maddələrin (RM) və digər ionlaşdırıcı şüalanma mənbələrinin mümkün partlayışı zamanı yaranan radioaktiv tullantılara nəzarət etmək üçün radiasiya təhlükəsizliyi xidmətinin hazırlanması lazımdır. Bu xidmət radiasiya monitorinqini həyata keçirəcək , yəni - radiasiya təhlükəsizliyi standartlarına (RTS) və sağlamlıq qaydalarına riayət olunmasına nəzarət edəcək.
Hava kütlələrinin transsərhəd yerdəyişməsi zamanı qonşu ərazilərə düşən RM qlobal xarakter daşıyır, çünki çox uzaq məsafələrdə dəyişə bilər. Radioaktiv tullantıların davamlı aşkarlanması üçün məsafədən zondlama vasitələrindən istifadə mütləqdir. Bu yanaşma bütün dünyada ətraf mühiti operativ şəkildə izləməyə imkan verir.