AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti və Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun birgə iştirakı ilə Qəbələ Arxeoloji Mərkəzində tədbir keçirilib.
"Şuşa ili" çərçivəsində Qəbələ şəhərinə səfər edən İnstitut əməkdaşları Arxeoloji Mərkəzi ziyarət edib, arxeoloji qazıntılarla tanış olublar. Qəbələ Arxeoloji Mərkəzinin sərgi salonlarındakı eksponatlara baxan qonaqlara burada aparılmış arxeoloji tədqiqatlar haqqında geniş məlumat verilib.
Sonra tədbir Qəbələ Arxeoloji Mərkəzinin akt zalında davam edib. Coğrafiya İnstitutunun şöbə müdiri, İnstitut həmkarlar təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev çıxış edərək Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşa şəhərinin coğrafi mövqeyi, zəngin tarixi-mədəni irsindən söhbət açıb, 30 illik işğal dövründə erməni vandallarının viran qoyduğu ərazilərin bərpası istiqamətində görülən yenidənqurma işlərindən danışıb.
Qoruğun direktoru Zahir Kərimov çıxışında dünya əhəmiyyətli Qəbələ Dövlət Tarix-Bədii Qoruğu haqqında məlumat verib, SEBA (Seul-Bakı) Koreya-Azərbaycan Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, təşkilatçılığı və maliyyə dəstəyi ilə ərsəyə gələn Respublikada yeganə olan Qəbələ Arxeoloji Mərkəzindən geniş bəhs edib. Qoruğun sıx əməkdaşlıq etdiyi dövlət və özəl qurumlar haqqında məlumat verən direktor Coğrafiya İnstitutu ilə qarşılıqlı əməkdaşlıq və informasiya mübadiləsi aparılması təklifini edib.
Çıxış edən İnstitutun elmi katibi Zərnurə Həmidova qoruq rəhbərliyinə elm adamlarına, xüsusilə Coğrafiya İnstitutunun Mərkəzə səfər etmiş əməkdaşlarına göstərdikləri diqqətə və qayğıya görə dərin minnətdarlığını bildirib.
Qoruq direktoru səfərin rəhbəri Habil Haqverdiyevə hədiyyə və Şuşa sakini, kiçik elmi işçi Zaur Qasımova isə Şuşa şəhərinin işğaldan əvvəlki görünüşünü əks etdirən fotoşəkil təqdim edib.
İclasdan sonra tədbir iştirakçıları Qəbələdəki alban kilsəsini ziyarət ediblər. Alban-Udi xristian dini icmasının sədri Robert Mobili ziyarətçilərə gördükləri işlər barədə maraqlı məlumatlar verib, Azərbaycan ərazisində ermənilərin tarixən heç bir qədim abidəsinin olmadığını, Qarabağdakı alban kilsələrinin ermənilərə aidiyyəti olmadığını sübut edən sənəd və şəkilləri nümayiş etdirib.
Sonda xatirə fotoları çəkilib.