AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları – coğrafiya üzrə fəlsəfə doktorları, şöbə müdiri Mirnuh İsmayılov və aparıcı elmi işçi Müseyib Yunusov AzTV-də nümayiş etdirilən “Ekoetika” verilişinin çəkilişində iştirak ediblər.
Sürüşmələr mövzusuna həsr edilmiş verilişdə alimlər bu təbiət hadisəsinin yaranma səbəblərindən və onların qarşısını almaq üçün lazım olan tədbirlərdən danışıblar. Alimlər bildiriblər ki, torpaq sürüşməsi vurduğu ziyana görə ən ön sıralardadır. Dağlıq ərazilərdəki sürüşmələrin ziyanı o birilərinə nisbətdə xeyli çoxdur. Böyük Qafqaz sürüşmələrə daha çox meylli olan ərazidir. Sürüşmələrə səbəb olan meyllilik burada 40-45, hətta 60-70 dərəcəyə çatır. Demək olar ki, 4000 kv. km.-dək olan ərazi sürüşmələrin təsiri altındadır.
Coğrafiyaçı alimlərin apardıqları tədqiqatlara əsasən hazırda əhalisi 500 mindən çox olan 312 yaşayış məntəqəsi və 100-lərlə təsərrüfat obyekti sürüşmə təhlükəsi olan ərazilərdə yerləşir. Azərbaycan ərazisində antropogen amillərin rolu sürüşmələrin 70-80 faizini təşkil edir. Amma bütün bunlara baxmayaraq müəyyən maarifləndirmə tədbirlərinin aparılması zəruridir ki, bu ziyanların heç olmasa müəyyən hissəsindən qaçmaq mümkün olsun.
Yolların çəkilişi zamanı yamacların düzgün kəsilməməsi və təbii landşaftın ümumi qanunauyğunluğunun pozulması problemi yaradan səbəblərdən biridir. Sürüşmələrin qarşısını almaq məqsədilə yol kənarlarında qoyulan istinad divarlarının ana süxuradək çəkilməsi, yığılıb qalan suların novlar vasitəsilə ərazidən çıxarılması, eləcə də ərazidə dərin kök salan ağacların əkilməsi məqsədəuyğun tədbirlərdəndir.