Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpa olunması üçün təbii-coğrafi şəraitin və təbii ehtiyatların öyrənilməsi, sosial-iqtisadi inkişafın təminatı vacibdir. Bu zaman sənaye, kənd təsərrüfatı, sosial infrastruktur, turizm-rekreasiya, nəqliyyat və kommunikasiya sistemlərinin müasir səviyyədə yenidən qurulması, əhali məskunlaşması ilə yaranan problemlərin həlli yollarının araşdırılması, həmçinin təbii ehtiyat potensialının qiymətləndirilməsi, ekoloji tarazlığın bərpası, şirin su ehtiyatlarının təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda ölkənin digər iqtisadi rayonları ilə inteqrasiyanın təmin olunması, onların iqtisadi, demoqrafik və təbii-coğrafi potensialından istifadə edilməsi lazım gəlir.
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu həyata keçirilən tədbirlərin elmi əsaslarının hazırlanması, innovasiyasının gücləndirilməsi, təbii-coğrafi şəraitin potensialının təsərrüfata cəlb edilməsi məqsədilə 27 aprel 2022-ci il tarixində “Qarabağ - Şərqi Zəngəzur regionlarinda təbii-təsərrüfat sistemlərinin təşkili və idarə edilməsi” mövzusunda elmi-praktiki konfrans keçirməyi nəzərdə tutur.
Konfransın əsas bölmələri aşağıdakılardır:
Regionların sosial-iqtisadi inkişafı, yaşıl enerji potensialı və perspektiv istiqamətləri;
Demoqrafik inkişafın regional xüsusiyyətləri, şəhər və kənd məskunlaşmasının perspektivləri;
Davamlı inkişafın təmin olunmasında turizm və rekreasiya potensialının qiymətləndirilməsi;
Regionların təbii ehtiyat potensialından istifadə problemləri və onların həlli yolları;
Landşaftlardan istifadənin müasir vəziyyəti;
İqlim və su ehtiyatlarının qiymətləndirilməsi, istifadəsi və qorunması problemləri;
Azərbaycanın davamlı inkişafının ekocoğrafi əsasları, torpaq-bitki örtüyünün mühafizəsi:
Torpaqlardan səmərəli istifadə edilməsi və onların ekoloji problemləri;
İşğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi problemlərə gənc tədqiqatçıların baxışı;
Regionların inkişafının ali və orta məktəblərdə tədrisinin müasir problemləri.
Məqalələr aşağıdakı qaydalar əsasında tərtib edilməlidir:
Format A4, interval 1,5, yuxarı, aşağı, sağ və soldan 2 sm.,
Times New Roman şriftində, 14 ölçüdə olmalı,
Yuxarıda məqalənin adı, müəllifin adı, soyadı, atasının adı, işlədiyi təşkilatın adı, e-mail ünvanı qeyd edilməli,
Xülasə 2 dildə (rus/Azərbaycan və ingilis dillərində) verilməli,
Ədəbiyyat siyahısı və məqalədə onlara istinadlar göstərilməli,
Məqalə 5 səhifədən az olmayaraq elektron formada və çap olunmuş şəkildə təqdim edilməlidir.
Bir müəllifdən yalnız bir məqalə qəbul edilir.
Qeyd: Konfransın materialları komissiya tərəfindən seçiləcək və AMEA Coğrafiya İnstitutunun “Coğrafiya və təbii resurslar” jurnalının xüsusi buraxılışı kimi nəşr ediləcəkdir. Konfransın mövzusuna uyğun gəlməyən və elmi məzmunu zəif olan məqalələr nəşr edilməyəcək.
Məqalələr 15 aprel 2022-ci ilə qədər qəbul edilir (AMEA Coğrafiya İnstitutu, “İqtisadi və siyasi coğrafiya” şöbəsi, tel: 055 3473670 Nəriman Paşayev, e-mal: pasayevneriman@ mail.ru)