“Respublika” qəzetinin bugünkü sayında AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov və Coğrafi fikir tarixi şöbəsinin rəhbəri, coğrafiya üzrə fəlsəfə doktoru Habil Haqverdiyevin “Akademik Budaq Budaqovun elmi yaradığılıq coğrafiyası” adlı məqaləsi çap edilib.
Coğrafiya elminin qurucularından biri olan görkəmli ictimai xadim, böyük pedaqoq, tədqiqatçı-alim, akademik Budaq Budaqovun xatirəsinə həsr edilmiş yazıda bildirilir ki, son illər Coğrafiya İnstitutunda müasir coğrafiya elminin qloballaşmasına və xüsusilə Qarabağın coğrafiyası ilə bağlı bir çox yeni kompleks tədqiqat istiqamətlərinə, konstruktiv və tətbiqi sahələrinə dair işlər müvəffəqiyyətlə davam etdirilir. Azərbaycanda bu tədqiqat sahələrinin elmi-metodoloji və təcrübi dəyərlərinin əsası akademiklər Həsən Əliyev və Budaq Budaqov tərəfindən işlənilib.
Məqalədə B.Budaqovun coğrafiya elminin müxtəlif sahələrini əhatə edən çoxşaxəli fəaliyyəti və zəngin elmi yaradıcılığı geniş işıqlandırılır, geomorfologiya, landşaftşünaslıq, tektonika, paleogeomorfologiya, toponimika və s. üzrə elmə verdiyi dəyərli töhfələrin, eləcə də bir vətənpərvər alim kimi yazdığı bir sıra sanballı əsərlərin, xəritələrin müəllifi kimi önə çəkilir.