AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, Dövlət Mükafatı Laureatı, coğrafiya elmləri doktoru Zakir Eminovun 55 yaşı tamam olub.
Eminov Zakir Namin oğlu 1 fevral 1967-ci ildə Azərbaycan Respublikası Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində anadan olub. 1991-ci ildə BDU-nun coğrafiya fakültəsini coğrafiyaçı ixtisası üzrə bitirdikdən sonra təyinatla Azərbaycan EA Coğrafiya İnstitutuna göndərilib. Həmin ildən Coğrafiya İnstitutunun “Azərbaycanın əhalisi və sosial inkişaf coğrafiyası” şöbəsində işləyib; əvvəlcə baş laborant, sonra kiçik elmi işçi, elmi işçi olub, 2001-ci ildən aparıcı elmi işçi, 2015-ci ildən baş elmi işçi vəzifəsində çalışıb.
2017-ci ildən İnstitutun “İnsan coğrafiyası” istiqamətinə rəhbər, yeni yaradılmış “Tibbi coğrafiya” şöbəsinə müdir təyin edilib.
1991-1995-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Mərkəzinin aspiranturasında oxuyub. 1997-ci ildə AMEA İqtisadiyyat İnstitutunda “Azərbaycan Respublikasında əhalinin vahid məskunlaşması sisteminin (VMS) formalaşması və inkişafı” (Gəncə iqtisadi rayonunun timsalında) mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi alıb. 2007-ci ildə ona dosent elmi adı verilib.
Z.N.Eminov 2012-ci ilin sentyabrında “Azərbaycanda əmək ehtiyatlarının formalaşmasının demoqrafik problemləri” mövzusunda doktorluq dissertasiyası işini müdafiə edib.
Z.N.Eminov Azərbaycan Respublikasında və keçid dövründə olan digər ölkələrdə əhalinin sosial-demoqrafik vəziyyəti, əmək ehtiyatlarından istifadə edilməsi, yaşayış məntəqələrinin inkişafı, aparılan iqtisadi islahatlar, onların bu proseslərə təsiri məsələlərini öyrənir. Azərbaycanda əhalinin məskunlaşmasının iqtisadi və sosial-demoqrafik problemlərinə dair 100-dən çox elmi və elmi-metodik məqalənin, 10 monoqrafiyanın, 5 kitabın müəllifidir. 20-dən çox elmi məqaləsi ABŞ, Böyük Britaniya Rusiya Federasiyası, Ukrayna, Özbəkistan, Qazaxıstan, Bolqarıstan, Rumıniya və s. ölkələrdə çap edilib. Azərbaycan və rus dillərində orta ümumtəhsil məktəbləri üçün Atlasın həmmüəlliflərindən biridir.
O, İnstitutda işlədiyi ilk vaxtlardan (1991) şöbənin “Səhralaşma şəraitində əhalinin məskunlaşmasının inkişafı və nizamlanması problemləri” mövzusunda hesabatında Muğan-Salyan (1991-1993-cü illər) və Şirvan iqtisadi rayonları üzrə (1994-1995-ci illər) “Təbii-coğrafi şəraitin məskunlaşmaya təsiri” və “Ərazinin məskunlaşma tarixi” bölmələrini hazırlayıb. 1995-1998-ci illərdə şöbənin yerinə yetirdiyi “Müasir şəraitdə əhalinin ərazi təşkilinin iqtisadi-coğrafi problemləri” tədqiqat işinin hesabatında əksini tapmış “Təbii-coğrafi şəraitin məskunlaşmaya təsiri” (Abşeron iqtisadi rayonu timsalında), 1999-2000-ci illərdə olan hesabatdakı “Təbii-coğrafi şəraitin məskunlaşmaya təsiri” (Quba-Xaçmaz iqtisadi rayonu timsalında) bölmələri Z.N. Eminov tərəfindən yazılıb. O, 2001-2002-ci illərdə Şəki-Zaqatala iqtisadi rayonu, 2003-2004-cü illərdə Gəncə-Qazax iqtisadi rayonu, 2005-2006-cı illərdə Dağlıq Şirvan iqtisadi rayonu, 2007-2009-cu illərdə Aran iqtisadi rayonu üzrə hesabat işlərinin hazırlanmasında yaxından iştirak edib, hesabatların “Əhalinin müasir demoqrafik vəziyyəti” adlanan fəslini işləyib.
Uzun illər apardığı tədqiqatların nəticəsi olaraq Z.N.Eminovun 11 monoqrafiyası işıq üzü görüb. Müəllifin “Azərbaycanın əhalisi” monoqrafiyası 2005-ci ildə çap olunub (Bakı, “Çıraq” nəşriyyatı, 2005, 560 s.).
2010-cu ildə “Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası” (proseslər, problemlər, konstruktiv aspektlər) monoqrafiyası nəşr edilib. (N.Ə.Paşayev və N.H.Əyyubovla birlikdə).
“Azərbaycan Respublikası Milli Atlasının” hazırlanmasında yaxından iştirak edən Z.N.Eminov iqtisadi, sosial və demoqrafik məzmunlu xəritələrin tərtib edilməsində iştirak edib, 17-yə qədər xəritənin müəllifi olub.
Z.N.Eminov coğrafiyanın tədrisi və geniş oxucu kütləsi arasında təbliği üçün xeyli işlər görub, böyük həcmli kitablar və vəsaitlər hazırlayıb. Onlardan birincisi 2000-ci ildə çap edilib, 2005-ci ildə yenidən işlənərək “Coğrafiya” məlumat kitabı adı altında nəşr olunub (Bakı, “Çıraq” nəşriyyatı, 2005, 656 s.). 2012-ci ildə Z.N.Eminov orta ümumtəhsil məktəbləri üçün tədris vəsaiti kimi nəzərdə tutulan ikicildlik “Coğrafiya ensiklopediyasını” hazırlayıb (Q.M. Səmədovla birgə), 2015-ci ildə orta ümumtəhsil məktəblərində tədris olunan kurikulum proqramı əsasında VIII siniflər üçün “Coğrafiya” dərsliyi və “Müəllimlər üçün metodik vəsaitin” həmmüəlliflərindən biridir.
2015-ci ildə AMEA Coğrafiya İnstitutunda “Azərbaycan Respublikasının coğrafiyası” adlı üçcildlik fundamental kitab çap olunub ki, Z.N.Eminov ikinci (İqtisadi, sosial və siyasi coğrafiya) və üçüncü (Regional coğrafiya) cildlərin əsas müəlliflərindən biridir. 2016-cı ildə həmin kitablara görə Z.N.Eminov elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülüb.
Z.N.Eminovun pedaqoji fəaliyyəti BDU və ADPU ilə bağlıdır. O, BDU-da “Azərbaycanın əhalisi”, “Azərbaycanda əhalinin VMS-nin problemləri” və “Azərbaycan və qonşu ölkələrin əhali coğrafiyası” kursları üzrə mühazirə və seminar məşğələləri aparır. ADPU-da “İstehsalın texniki-iqtisadi əsasları” və “Əhali coğrafiyası” fənləri üzrə mühazirələr oxuyub.
Onun rəhbərliyi ilə 4 fəlsəfə doktoru müdafiə edib, 8 doktorant müdafiə ərəfəsindədir.
2021-ci ildə Z.N.Eminov AMEA Coğrafiya İnstitutunun Baş direktoru vəzifəsinə təyin olunub.
Coğrafiya İnstitutunun kollektivi Zakir müəllimi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, elmi, pedaqoji və təşkilati fəaliyyətində yeni-yeni yaradıcılıq uğurları arzu edir!