AMEA Yer Elmləri Bölməsi və akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun Elmi şuralarının İnstitutun 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin hesabatına həsr olunmuş birgə iclası keçirilib.
İlk öncə tədbir iştirakçıları dünyasını dəyişmiş İnstitut əməkdaşları - sabiq direktor, akademik Ramiz Məmmədov, coğrafiya elmləri doktoru Hüseyn Xəlilov, coğrafiya üzrə fəlsəfə doktorları Qalib Rüstəmov, Elxan Məmmədbəyov, Qəşəm Yaqubov və Tapdıq Osmanovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
Yer Elmləri Bölməsinin Elmi Şurasının sədri, akademik Fəxrəddin Qədirov gündəlikdə duran məsələni elan etdikdən sonra məruzə üçün sözü İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminova verib.
Müəssisə rəhbəri Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin müvafiq fərman, qərar və sərəncamları, eləcə də dövlət proqramlarının icrası ilə əlaqədar tapşırılmış işlərin yerinə yetirilməsi istiqamətində Coğrafiya İnstitutu əməkdaşlarının gördüyü işlər barədə danışıb, eləcə də AMEA Rəyasət Heyəti tərəfindən verilmiş qərarların, nəzərdə tutulmuş tədbirlərin icrası barədə məlumat verib.
Baş direktor cari ilin tədqiqat işlərinin 2 problem - Azərbaycan təbiətinin inkişaf qanunauyğunluqlarının, təbii ehtiyatların və onların ekocoğrafi xüsusiyyətlərinin tədqiqi, istehsalın, sosial infrastrukturun və əhalinin ərazi təşkilinin iqtisadi–coğrafi və siyasi problemləri və Xəzər dənizi ekosisteminin kompleks tədqiqi əsasında aparıldığını diqqətə çatdırıb. O bildirib ki, 2021-ci ildə İnstitutun elmi-tədqiqat planına müvafiq olaraq əməkdaşlar tərəfindən yerinə yetirilən 15 mövzu, 19 iş və 20 mərhələdən cari ilin sonunda 2 mövzu, 4 iş və 20 mərhələ başa çatdırılıb.
2021-ci il müddətində Coğrafiya İnstitutunda 2 jurnal, 10 monoqrafiya, 2 dərslik, 1 dərs vəsaiti və 12 fənn proqramı, 116 məqalə (6-sı Web of Science, 3-ü Scopus elmi bazalarında indeksləşən jurnallara daxildir) və 4 tezis nəşr edilib.
Z.Eminov bildirib ki, cari ildə bir institut əməkdaşı professor elmi adı alıb (mərhum c.e.d. H.Xəlilov), 2020-ci ilin fəlsəfə doktoru hazırlığı üzrə qəbulun nəticələrinə əsasən 4 nəfər doktoranturaya, 4 nəfər dissertanturaya, bundan əlavə, 2021-ci ilin qəbul nəticələrinə əsasən 7 nəfər fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya və 1 nəfər elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbul edilib.
Kadr məsələləri ilə əlaqədar müəssisə rəhbəri bu sahədə problem yarandığını diqqətə çatdırıb (2020-2021-ci illər ərzində 9 alim dünyasını dəyişib). Alimlik dərəcəsi olan kadrlara ehtiyac var. Elmlər doktorlarının əksəriyyətinin yaşı 60-dan yuxarıdır.
Z.Eminov həmçinin alınmış mühüm nəticələr, fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi, beynəlxalq əlaqələr və qrant layihələri, ezamiyyətlər, ekspedisiyalar və çöl tədqiqat işləri, elektron elmin vəziyyəti, nəşr fəaliyyəti, konfranslar, sessiyalar, seminarlar, yubileylər və digər görülmüş işlər barədə məlumat verib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb. Geologiya və Geofizika İnstitutunun direktoru, akademiklər Akif Əlizadə, icraçı direktoru Dadaş Hüseynov. şöbə müdiri Əkpər Feyzullayev, Neft və Qaz İnstitutunun direktoru, akademik Fəxrəddin Qədirov, Coğrafiya İnstitutunun əməkdaşları - şöbə müdirləri, a.ü.f.d. Ənvər Əliyev, c.ü.f.d. Habil Haqverdiyev, c.e.d. Məhəmməd Abduyev çıxış edərək hesabatla bağlı fikirlərini bölüşüblər.