AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d. İsmayıl Zeynalov Moskva şəhərində Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun keçirdiyi “Yerin kosmosdan məsəfədən zondlanmasının müasir problemləri” adlı on doqquzuncu Beynəlxalq konfransa qatılıb.
Rusiya Təhsil Nazirliyi, “Planeta” Elmi Tədqiqat Mərkəzi, Russiya Kosmik Sistemləri ASC-i, Roshidromet, və Roskosmosun təşkilatşılığı ilə təşkil edilən konfrans ətraf mühitin, potensial təhlükəli hadisələrin və obyektlərin monitorinqinin fiziki əsaslari, üsulları və texnologiyalarının tədqiqinə həsr olunub.
Onlayn formatda konfransa qoşulan azərbaycanlı alim “Azərbaycan ərazisində radioaktiv yağıntıların aşkar edilməsi zamanı aşağı orbitli peyklərin rolu” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, atom elektrik stansiyalarında baş verə biləcək qəzalar zamanı bölünməz hissəciklər şəklində ətraf mühitə böyük miqdarda radioaktiv maddələr buraxılır ki, həmin maddələr sonradan geniş məsafələrə yayılaraq radioaktiv tullantılar şəklində qonşu dövlətlərin ərazisinə düşür. Bu ərazilərdə yağıntıların əmələ gəlməsi ilk növbədə rütubətin miqdarı, havanın nisbi rütubəti, onun qalxma şəraiti və müxtəlif mənşəli hava kütlələrində buxarlanma ilə müəyyən edilir ki, bu da sirkulyasiya zamanı potensial olaraq çöküntüyə çevrilir.
Coğrafiyaçı alim yerin uzaqdan zondlanmasının müasir üsul və vasitələrindən istifadə etməklə ətraf mühitin radioaktiv çöküntülərlə çirklənməsinin operativ monitorinqini aparmağın lazımlığını diqqətə çatdırıb və bunun tədqiqatın əsası olaraq sintetik aperturadan istifadə etməklə aşağı orbitli peyklərin vasitəsi ilə radioaktiv tullantıların aşkarlanmasının tərkib hissəsi olduğunu vurğulayıb.
Məruzə dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.